Son oyuna doğru: “Qarabağ”dan böyük üstünlük

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının XXII turunun son matçında “Səbail”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşə saat 19:00-da start veriləcək.

“Qarabağ” çempionatda 50 xalla birinci sıradadır. Ən yaxın izləyicisi “Araz-Naxçıvan”ın xal itirdiyi turda “atlılar” qələbə qazanacağı halda, xal fərqini 9-a yüksəldəcək. “Səbail” isə turnir cədvəlinin sonuncusudur. Komanda 9-cu pillədəki “Kəpəz”dən 2 xal geri qalır.

“Dənizçilər” çempionatda son 5 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub. “Qarabağ” isə 3 qələbə qazanıb, 2 dəfə məğlub olub. Ardıcıl iki tur uduzan “atlılar” bu turda qələbə qazanmaqla uğursuz seriyanı sonlandırmaq istəyir. Komandalar bir neçə gün əvvəl Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda Bayıldakı “ASCO Arena”da üz-üzə gəlib və “Qarabağ” minimal hesablı qələbəyə sevinib.

Ümumiyyətlə, komandalar arasındakı son 10 oyunun 9-nu “Qarabağ” qazanıb. “Səbail” sonuncu dəfə 2023-cü ilin sentyabrında “atlılar”a qalib gəlib.

Şahin Cəfərov