Sloveniyanın “Maribor” klubunun futbol direktoru Markos Tavares “Qarabağ”ın akademiyasının qonağı olub.
Futbolpress.az xəbər verir ki, Bakıda səfərdə olan Tavares “Sərhədçi” OİM-də Gənclər Liqası çərçivəsində keçirilən “Qarabağ” – “Turan” oyununu (6:1) izləyib. Uzun illər “Maribor” formasını geyinmiş və klubun əfsanəvi veteranlarından birinə çevrilmiş braziliyalı funksioner akademiyanın koordinatoru Aftandil Hacıyev və meneceri Nail Kərimovla, eləcə də məşqçilər korpusu ilə görüş zamanı iki ölkənin uşaq futbolu arasında paralellər aparıb, əməkdaşlıq təklifi irəli sürüb. Akademiya heyəti və futbolçuların qarşılıqlı təcrübə mübadiləsi proqramlarında iştirak etmələrinin mümkünlüyü və faydaları müzakirə olunub.
Tavares Kərimovla birlikdə Avropa Klublar Assosiasiyasının (ECA) uşaq-gənclər futbolunun inkişafı üzrə İşçi Qrupunun üzvüdür.