Azərbaycan millisi UEFA Millətlər Liqasında IV turda Slovakiyanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Azərbaycan yığması ardıcıl üç oyun məğlub olub. Fernandu Santuşun yetirmələri Estoniya, Slovakiya və İsveçlə mübarizədən xalsız ayrılıb. Santuşun rəhbərlik etdiyi kollektiv bu görüşlərdə 2 qol vurub, 8-ni buraxıb.
Komandanın müdafiəsində ciddi problemlər var. Hücumda ara-sıra effektiv olmağı bacaran milli son zərbələrdə uğursuzluq yaşayır. Estoniya səfərində birinci hissədə epizodların sağa-sola xərclənməsi və əks-hücumda yaxalanmaq, müdafiənin səhvi komandaya baha başa gəldi. Santuş da problemlərin fərqindədir və həllinə çalışdıqlarını bildirsə də, vəziyyət düzələnə oxşamır. Komandanın arxa xəttdəki lideri Bəhlul Mustafazadənin yoxluğu ciddi hiss olunur.
Slovakiya millisi isə son üç oyunda uduzmayıb. III turda İsveçlə evində 0:2 hesabıyla geri düşən slovaklar sonda bərabərliyə nail olub. Komanda qrup mərhələsində Azərbaycanı 2:0, Estoniyanı isə 1:0 hesabıyla məğlub edib. Komandanın hücumda əsas qol silahı David Strelekdir. Hücumçu İsveçlə görüşdə hər iki qolun müəllifi olub. Forvard Koşitsedə Azərbaycana qarşı keçirilən matçda da fərqlənməyi bacarmışdı. Yarımmüdafiəçi Ondrey Duda və Stanislav Lobotka kimi təcrübəli adlar var və bu görüşdə azərbaycanlı yarımmüdafiəçilərin öhdəsinə böyük yük düşəcək.
Son oyunlardakı nəticələrə alsaq, slovaklar favoritdir. Buna baxmayaraq, Santuş hələ milli ilə xal qazana bilməyib və Bakıdakı oyun bunun üçün gözəl şansdır. Komanda daha əvvəl Canni De Byazinin dövrüdən bu rəqibi məğlub etməyi bacarıb.
Santuş böyük ümidlərlə yığmaya gətirilib və hələ nəticə yoxdur. Yeni taktiki oyun üslubunu komandaya aşılamağa çalışan mütəxəssis uğursuzluqları sıralayır. Slovakiya ilə dueldə qazanılacaq qələbə narazılığı qismən azalda bilər, amma yaxşı oyunun da olması şərtdir.
Kamil Əhməd