“Zirə” Premyer Liqada 4 oyundan sonra 6 xalla 5-ci sırada qərarlaşıb. “Qartallar” çempionatın VI turunda “Neftçi”ni qəbul edəcək. Görüş sentyabrın 15-də keçiriləcək.
Komandanın qapıçısı Tiaqo Silva “FutbolPress“ə açıqlamasında milli komandaların oyunlarına görə yaranan fasiləni necə dəyərləndirdiklərini söylədi:
“Fasilə beynimizin və bədənimizin istirahəti üçün çox vacib idi. Həm də, yeni oyunçuların komandaya uyğunlaşması, çatışmazlıqlar üzərində işləməyimiz üçün faydalı oldu”.
Qolkiper növbəti rəqibləri “Neftçi” haqda fikirlərini bölüşdü:
“Neftçi” kimi biz də oyuna ciddi hazırlaşırıq. Yaxşı nəticə üçün çalışacağıq. Düşünürəm ki, iki komanda da qələbəyə can atacaq və maraqlı oyun olacaq. Kim yaxşı olsa, o da qazansın”.
Özünə inamlı qapıçı olduğunu deyən Silva şəxsi hədəflərindən və komandanın məqsədlərindən danışdı:
“Özümə inamlı biriyəm və çox çalışıram. Bu güvənimi komandaya ötürməyə cəhd edirəm. Buna baxmayaraq, hələ istədiyim səviyyədə deyiləm. İnkişaf etmək, daha yaxşı olmaq istəyirəm. Hədəfimiz ötən mövsümdə də olduğu kimi oyundan-oyuna daha yaxşı olmaqdır. Sonda hansı yerə çatacağımızı görəcəyik.
Karyeramla bağlı danışmaq hələ tezdir. Ancaq həmişə deyirəm, böyümək, daha böyük klublarda oynamaq istəyirəm. Gəncəm və yüksək səviyyəyə çatmaq niyyətindəyəm. Düşüncəm, günü-gündən yaşamaq və hər yeni gün əvvəlkindən daha yaxşı olmaqdır”.
Şahin Cəfərov