Seyidov “yol xəritəsi” hazırladı: “Səbəb tapılmayınca, kim gəlsə, nəticə dəyişməyəcək”

Azərbaycan millisi UEFA Millətlər Liqasında iki turu xalsız başa vurdu. Komanda əvvəlcə İsveçə (1:3), daha sonra isə Slovakiyaya (0:2) məğlub oldu.

Keçmiş “Bakı” klubunun icraçı direktoru, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:

“Komanda İsveçlə yaxşı oynadı, qol imkanları yarada bildi. Amma Slovakiya ilə oyunda pis oynadıq, demək olar, futbolçular arasında əlaqə yox idi. Ümumi götürəndə, millinin iki oyununu qeyri-qənaətbəxş hesab edirəm”.

Santuşun milliyə baş məşqçi təyin edilməsini doğru sayan Seyidov məğlubiyyətlərdə onun günahının olmadığını bildirdi:

“Fernandu Santuşun təyinatını düzgün qiymətləndirirəm. İnanıram ki, o, Azərbaycan futboluna töhfəsini verəcək. Sadəcə bu iki oyunda millinin oyunçularını yaxşı tanımadığına görə çox futbolçuya şans verdi. Həm də Santuş gələcəyin komandasını qururur. Bizdə demək olar, 50-yə yaxın yerli futbolçu var və onlar arasında seçim etməlidir. Santuşun istədiyinə nail olacağını və optimal komanda quracağına inanıram.

Məğlubiyyətlərə görə Santuşu günahlandırmaq olmaz. O, demək olar hamıya şans verməyə çalışdı. Sadəcə bizim futbolçularımızın bacardıqları budur. Nəticələr ürəkaçan deyilsə, səbəbləri axtarmaq lazımdır. Səbəb tapılmayınca, kim gəlsə, nəticə dəyişməyəcək. Problemlər tapılıb, həll edilməlidir. Bunlarsız mümkünsüzdür”.

Funksioner sonda AFFA-ya futbolun inkişaf strategiyası ilə bağlı təkliflər planı hazırladığını və bunu quruma təqdim etdiyini söylədi:

“Millinin digər yaş qrupları da məğlubiyyətləri sıralayır. U-21-dən bir-iki oyunçunu çıxmaq şərtilə, demək olar, əsas yığmada oynaya biləcək oyunçu yoxdur. Azərbaycanda futbol strategiyasının hazırlanması üçün təkliflərimi təqdim etmişəm. Burada bütün xəritəni, proqramı göstərmişəm. Bu gün Azərbaycan futbolunun beynəlxalq futbol ailəsinə daxil edilməsi üçün işlər görülməlidir. Bu işlər görülmədən Azərbaycan futbolunun inkişafı mümkünsüzdür. Futbolumuzun problemləri və yol xəritəsini AFFA-ya təqdim etmişəm. Ümid edirəm ki, bununla bağlı işlər görülər və bundan sonra dəyişikliklərin ola biləcəyinə inanıram”.

Şahin Cəfərov