“Şerif”lə oyuna doğru: “Zirə” nələrə diqqət etməlidir?

“Zirə” bu gün Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”i (Moldova) qəbul edəcək. “Liv Bonadea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

“Zirə” ilk oyunda moldovalılara qalib gəlib – 1:0. Bu, “qartallar” üçün üstünlükdür, buna baxmayaraq, rahatlaşmaq olmaz. Moldova təmsilçisi hazırda əvvəlki gücündə olmasa da, Avropa arenasında kifayət qədər təcrübəli rəqibdir.

“Şerif”in baş məşqçisi və futbolçularının açıqlamalarına diqqət etsək, onlar demək olar, hələ də özlərini üstün hesab edirlər. Xüsusilə, baş məşqçi Yuri Qura dünən oyunöncəsi baş tutan mətbuat konfransında “Zirə”yə gücümüzü sübut edəcəyik” deyə, ifadə işlədib. Mütəxəssis komandasına inanır və bu ifadələr futbolçular üçün də əlavə motivasiya olacaq.

“Şerif” təcrübəsinə görə üstün olsa da, meydan amili və ilk matçdakı nəticə “Zirə”nin xeyrinədir. Odur ki, “qartallar” rəqibin təhlükəli cinahlarını mütləq bağlamalıdır. Hesabı saxlamaqdansa, hücum edib, erkən qol vurmaq “Zirə” üçün məqsəd olmalıdır. Futbolda ən yaxşı terminlərdən biridir – “ən yaxşı müdafiə hücumdur”. “Zirə” təcrübəsizliyini kənara qoyub, oyununa köklənsə və birinci hesabı açan tərəf olsa, demək olar, rəqibin də müqaviməti qırılacaq.

Moldovadakı matçda meydan sahibləri daha yaxşı və ön planda olmasına baxmayaraq, “Zirə”nin etibarlı müdafiəçi onların fərqlənməsinə şərait yaratmadı. Bugünkü matçda isə budəfəki meydan sahibinin “Zirə” olduğu göstərilməli və erkən qolla rəqibin dirəncini qırmaq lazımdır.

Kamil Əhməd