Futzal üzrə UEFA Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” təlim-məşq toplanışı davam etdirir.
Futbolpress.az xəbər verir ki, komanda bugündən etibarən hoteldə məskunlaşıb və fiziki ağırlıqlı yükləmələrə start verib. Gündə 2 dəfə hazırlıq keçən “qırmızı-ağlar” heyətini də komplektləşdirməyə çalışır. Son çempion bu dəfə Serbiya millisinin üzvü ilə anlaşıb. Marko Prşiç yeni mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün tər tökəcək.
33 yaşlı müdafiəçi ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov vaxtı ilə Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər. Futzalçının sonuncu klubu Küveyt “Al Arabi”si olub.
Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio “Torreense” (Portuqaliya), İlham Alıyev (U-19) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.