“Kəpəz” Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz”u məğlub edib – 5:2.
Dövrəyə üç xalla start verən gəncəlilər matçda ələ düşən demək olar, hər fürsəti qola çevirməklə rəqibini məyus etməyi bacardı. Görüşdən əvvəl favorit tovuzlular göstərilsə də, daha dəqiq olan “sarı-göylər” aktivinə üç xalı yazdırdı. Buna həm də, turun sensasiyası adlandırıla biləcək nəticəsi demək olar.
Elitada qalmaq mübarizəsi aparan “Kəpəz” “Turan Tovuz”la müqayisədə daha “diri” göründü. Xüsusilə sürətli əks-hücuma çıxan gəncəlilər rəqibini yaxşı təhlil etmişdi. “Turan Tovuz”da isə əsas problem müdafiədə verilən boşluqlar və diqqətsizlik idi. Mövsümün əvvəlində etibarlı arxa xətti ilə seçilən və demək olar, rəqiblərinə qol fürsəti verməyən tovuzlular bu “futbol ili”ndə ilk dəfə bir matçda 5 qol buraxdı. Kurban Berdıyevin yetirmələri həm də, “üçlük”dəki yerini “Zirə”yə verdi. Komandada çatışmazlıqlar aşkardır və heyətlə bağlı problemlər müşahidə edilir. Komandanın növbəti rəqibi “Qarabağ” olacaq və bu oyunla xal qazanmaq çətin görünür.
“Kəpəz” isə növbəti turda “Səbail”in qonağı olacaq. Elitada qalmaq mübarizəsi bu iki komanda arasında gedir. Gəncə təmsilçisi qələbə qazansa, autsayderlə fərqi 5-ə yüksəldəcək və əlavə motivasiya qazanacaq.