Azərbaycan yığmasının Millətlər Liqasında İsveç və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb.
Yığmanın yeni baş məşqçisi Fernandu Santuş dəvət alanları mətbuat konfransında özü bildirib. Heyətə çağırılan futbolçular:
Qapıçılar: Mehdi Cənnətov (“Sumqayıt”), Rza Cəfərov (“Neftçi”), Yusif İmanov (“Sabah”)
Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Qismət Alıyev (“Zirə”), Şəhriyar Əliyev (“Turan Tovuz”), Rahil Məmmədov (“Radomiak”, Polşa), Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı “Qarabağ”)
Yarımmüdafiəçilər: Elvin Camalov (“Sabah”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Aleksey İsayev (“Qarabağ”), Xəyal Nəcəfov (“Turan Tovuz”), Emil Mustafayev (“Polissya”, Ukrayna), Emin Mahmudov (“Neftçi”), Ceyhun Nuriyev (“Zirə”)
Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Ramil Şeydayev (“Neftçi”), Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Renat Dadaşov (“Ankaragücü”, Türkiyə).
Santuş ilk sınağı öncəsi heyətə “Turan Tovuz”dan iki futbolçuya dəvət göndərib. Uzun müddətdir, millidən kənarda qalan Şəhriyar Əliyev və Xəyal Nəcəfov yenidən şans qazanıb. Bunda Tovuz təmsilçisinin bu mövsüm Premyer Liqada uğurlu çıxışı, lider olması amilləri də təsirini göstərib.
Santuş iki oyun üçün legioner həyatı yaşayan 5 futbolçunu siyahıya salıb. Bunlar Coşqun Diniyev, Emil Mustafayev, Renat Dadaşov, Rahil Məmmədov və Ozan Can Kökçüdür. Legionerlərin bu mövsümkü performansı nə yaxşıdır, nə pis. Demək olar, hər biri orta performansla komandalarında çıxış edir və daim şans qazanır. Yəni, oyun praktikası sarında problemləri yoxdur.
Qapıçı mövqeyi ilə bağlı seçimlər də yerinə düşür. Komandalarında yaxşı oyun sərgiləyən qolkiperlər bu dəfə millidə forma uğrunda mübarizə aparacaq.
Ümumiyyətlə, Santuşun seçimlərində xüsusi narazılıq yaradılacaq məqam demək olar, yoxdur. Premyer Liqada daim oynayan oyunçular siyahıda yerini tapıb. Millinin dəyişilməz adlarından Şahruddin Məhəmmədəliyev, Anton Krivotsyuk kimi adlar isə zədə səbəbindən heyətdə yoxdur.
Santuş bu gün mətbuat konfransında iddialı açıqlamalarla da yadda qaldı. Düzdür, hər gələnin avazı yaxşı çıxır, amma yekunda işlər gözlənildiyi kimi getmir. Portuqaliyalı mütəxəssis kifayət qədər təcrübəyə sahibdir və görünür, qısa zamanda millidə sözünü demək niyyətindədir. Azarkeşləri də tribunalara səsləyən mütəxəssisin ilk sınağı sentyabrın 5-də İsveçə qarşı olacaq.
Kamil Əhməd