Santuşun sədası – avazı xoş gəlir…

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti məğlubiyyətini yaşadı. Bu dəfə bizimlə dueldən üç xalla ayrılan slovaklar oldu. Özü də Bakıda – milliyə az-çox inamı qalan az sayda azarkeş önündə.

Portuqaliya ilə Avropa çempionu olan, təcrübəsindən, futbol biliyindən bəh-bəhlə danışan Fernandu Santuş yığmada qələbə bir yana, heç bərabərliklə də tanış olmayıb. 70 yaşlı mütəxəssis sanki bu yaşda məğlubiyyətə abuna olub, özü də 3 qollulardan.

Santuşun rəhbərliyi altında Millətlər Liqasında mübarizəyə başlayan (artıq yarış bizimçün bitir) milli 4 oyunda uduzub, 3 qol vurub, qapısında isə 11-ni görüb. Bəli, 4 oyuna 11 qol. Hara baxsan, asan iş deyil. Hərdən düşünürsən ki, bizim C Liqasında nə işimiz var? Buraxın D-yə, San Marino, Cəbəllütariqlə gücümüzü sınayaq… hərçənd, futbol böyüyür, cırtdan ölkə dediklərimiz də qələbələr qazanır.

İsveç, Slovakiya və Estoniyanın yer olduğu qrupda şanslar elə püşk atılandan az dəyərləndirilirdi, yeganə xallıq, qələbəlik rəqib Estoniya idi. Amma onlar da Tallində bizi 3 qolla yola saldılar, əlimiz də boş. C Liqasında 4 qrupdan cəmi 2 komanda var ki, xal qazanmayıb. Biri biz, biri litvalılar.

Estoniya və Slovakiyaya məğlubiyyətdən sonra Santuş media önünə çıxaraq, kifayət qədər ağızdolusu danışdı. Nəticələri normal qarşılayan mütəxəssis hədəfin 2028-ci ilə yaxşı komanda hazırlamaqdır. Tanış ifadədir, hə? Demək olar, hər əcnəbi uzunmüddətli layihələrdən dəm vurur. Amma nə layihə var, nə nəticə. Santuş estonlarla 35, slovaklarla 68 dəqiqə yaxşı oynanıldığını vurğulayır. Həmin anlarda hesablar necə idi? Hər iki oyun bərabərə – 0:0, 1:1. Demək, bizim üçün hansısa rəqiblə bərabərə qalmaq yaxşı nəticədir, estonlarla isə lap əntiqə.

Olsun, lakin maraqlıdır, son 10 ildə dəyişməyən hansısa nəticə necə 3 ilə dəyişəcək? Santuşun toxunuşu ilə? Hansı toxunuş? Millidə yeni taktiki sxem tərtib edən mütəxəssis hələ fayda görmür, əvəzində pis nəticələr qaçılmaz olur. Amma dözür, səbr edir.

Nə üçün? Hansı oyunçularla, hansı potensial? “Nürnberq”də əsas hücumçunun zədələnməsi sayəsində çox şans qazanan, amma qolunu sonuncu dəfə “Bakının ulduzları”nda vuran Mahirlə? Ya autu düzgün başlaya bilməyən Antonla? Ya müdafiədə rəqiblərə boş zona verən, ötürmələrdə dəqiqliyi tutuzdura bilməyən Rahillə, hm?

Aşağı yaş desən, onlar böyüklərdən fiasko. Demək olar, hər milli fasilədə U-17-dən üzü U-21-ə qədər məğlubiyyətsiz günümüz olmur. Bu gün də U-21-lərimiz səfərdə İngiltərə ilə qarşılaşacaq, bura vahiməlidir, toxunmasaq yaxşıdır… Şimali İrlandiyadan 5 qol buraxan komanda İngiltərə qarşısında nə edəcək?

Suallar çox, cavablar yoxdur. Ölkə futbolu “zirzəmi”dədir. Santuş onu böyük tunelə bənzədib, sonda işıq görsə belə, indiki məqam qaranlıqdır. Onu aydınladacaq nə yol var, nə də işıq…

Şahin Cəfərov