Santuşu niyə bəyənmirik?

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş oldu. Bəli, çox da uzaq olmayan keçmişdə Portuqaliya yığması ilə Avropa çempionatını qazanan mütəxəssis bundan sonra ölkəmizdə çalışacaq. Şəxsən mənim üçün bu, futbolumuz adına heyrətamiz bir hadisədir. Hətta düşünürəm ki, bir bahar sərinliyi kimi futbolumuza daxil olan portuqaliyalının bu gözlənilməz gəlişdən ötrü sevincli olmalıyıq.

Di gəl ki, idman mediasında, sosial şəbəkələrdə bu təyinat lağlağı hədəfinə çevrilib. İnsanlar həqiqətə hədsiz uydurma qataraq Santuşun uğursuz və indiki halda gərəksiz məşqçi olduğunu yazırlar, paylaşımlar edirlər. Yerli məşqçi arzulayanlar isə xüsusi ilə qəzəbli görünürlər. Sanki illərdir uzunmüddətli mürgüdən oyana bilməyən yığmaya azərbaycanlı məşqçi təyin olunsa, nəticələr birdən-birə elə sürətlə dəyişəcək ki, hər oyuna arın-arxayın getməkdən, stadionlarda onlara hərarətlə əl çalmaqdan başqa işimiz olmayacaq.

Deyirsən, adam o böyüklükdə milliyə bir neçə il rəhbərlik edib və çempionluq qazandırıb, dərhal ağzından vurular ki, Ronaldo olmasaydı, hər şey başqa cür olardı. Deyirsən, adamın böyük məşqçilik təcrübəsi var, öz peşəsinin sənətkarlığına yüksəlib, deyirlər, boş şeydir, bu qocadan bizə fayda gəlməz. Hələ biri yazmışdı ki, ondansa Şahin Diniyevi gətirərdilər millimizə, yaşı aşağı-yuxarı Santuşla eyni olar. Başqa biri isə təhdidkar bir tövrlə AFFA-nı hədələyirdi. Hərçənd, şərhində “afa” yazmışdı və mən də dərhal ondan soruşdum ki, bəy, sən bilərsən bu AFFA abreviaturasının açılışı necədir. Cavabı belə oldu: “Qardaş, Azərbaycan futbolçuları agentliyidir.”

Yəni, Santuşu bəyənməyənlərin çoxu, əslində, futboldan xəbərsiz insanlardır. Küyə düşüblər. İşləri-gücləri AFFA-nı qınamaqdır. Qınasınlar, demirəm qınamasınlar, amma tənqidlərində sanbal, tutarlılıq, əsas olsun.

Vəziyyət elədir ki, onca gün bundan qabaq Çempionlar Liqasını qazanan Ançelottini belə millimizin başına gətirsək, qısa müddətdə heç nə edə bilməyəcək. Lap Qvardiola, Klopp, Mourinyo olsun, fərq etmir, məhsul o məhsul deyil. Bizi qüssəyə qərq olmağa öyrəşdirən futbolçular bundan sonra nə edə bilərlər ki? Birdən-birə necə dəyişəcəklər?

Bəziləri isə yazırlar ki, Santuşun gəlib burada yüz minlərlə avro qazanmağındansa, qoy o pulu elə özümüzünkülər yesin. Siz canınız, bunların fikrinə baxın da: o yeməsin, bizimki yesin. Yəni dolayı yolla demək istəyirlər ki, onsuz da bizim millidən bir şey çıxmaz.

Məni ən çox özümdən çıxaran şərh isə bu oldu: “Bizim milli komandanın uğurlu olması üçün futbolçularla Azərbaycan dilində danışacaq məşqçiyə gərək var, ona görə də, yerli məşqçilərdən biri seçilməlidir”.

Futbolumuzun vəziyyətini bütün aydınlığı ilə başa düşən insan yaxşı bilir ki, Azərbaycan futbolunun problemi bir deyil, beş deyil, çoxdur! Tək məşqçi seçimi ilə heç nə etmək olmaz. Yaxşı rəhbərlik lazımdır, yaxşı idarəetmə lazımdır, yaxşı oynmaq lazımdır, təhsil, dünyagörüşü lazımdır. Yoxsa, yeni-yeni nəsillər gəlir, gedir, xatirəyə çevrilir… İnkişafsa yoxdur.

İstənilən halda, Fernandu Santuş kimi mütəxəssislər öz zəngin bilik və bacarıqları ilə Azərbaycan futboluna çox şey qata bilərlər, ancaq bir şərtlə ki, strategiya doğru olsun.

Santuşa və onun yeni komandasına uğurlar arzulamaqdan savayı əlimdən bir şey gəlmir.

Orxan İsmayılov