Azərbaycan millisi UEFA Millətlər Liqasında Qəbələdə Estoniya və səfərdə İsveçlə qarşılaşacaq. Yığmanın baş məşqçisi Fernandu Santuş artıq görüşlər üçün heyəti açıqlayıb.
Dünən “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə zədələndiyi üçün millinin toplanışına qatılmayacaq. Onun əvəzinə heyətə “Qarabağ”dan Musa Qurbanlı dəvət alıb. Bəli, Musa.
Bu mövsüm zədə səbəbindən çox oyunu buraxan, son bir neçə turda şans qazanan, ancaq qol vura bilməyən Musa millinin iki oyunu üçün baş məşqçi Santuşun sərəncamında olacaq. Ancaq Musa hansı oyunu ilə mütəxəssisin diqqətini cəlb etdi?
Düzdür, vaxtilə Musanın kritik oyunlarda qolları olub, ötən il yaxşı formada olduğu dönəmdə də faydası dəyib, amma indiki məqamda Musanın dəvət alması nə dərəcə düzgün qərardır? Maraqlı məqamdır, zədəsini yeni sağaldan Musanın qarşıdakı oyunlarda şans qazanıb-qazanmayacağı isə başqa mövzudur.
Azərbaycan millisi noyabrın 15-də Estoniyanı qəbul edəcək, 4 gün sonra isə səfərdə İsveçin qonağı olacaq.