“Santuş yeni gəlib, inkişafdan danışır”

Azərbaycan millisi UEFA Millətlər Liqasında Slovakiyaya uduzub – 0:2.

Yığmanın keçmiş futbolçusu Əfran İsmayılov “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Açığı, oyunumuz alınmadı. Çünki rəqib daha çox təzyiq göstərirdi, daha yaxından pressinq edirdi. Futbolçular bundan çıxa bilmədilər. Bu da təcrübəsiz olmaları ilə bağlıdır. Çox futbolçu yığmada az oyun keçirib, Avropa təcrübəsi azdır. Slovakiya layiqli qələbə qazandı. Ümumiyyətlə, birinci oyuna baxanda ikincidə pis çıxış etdik. Bunları unutmaq və irəli baxmaq lazımdır”.

İsmayılov məğlubiyyətdə səbəbkar axtarmağa ehtiyac olmadığını dedi:

“Məğlubiyyəti kiminsə üstünə atmaq olmaz. Slovakiya aşkar üstün oynayıb, layiqli qələbə qazandı”.

Veteran futbolçu sonda yığmadan qarşıdakı illərdə də ciddi dəyişiklik gözləmədiyini söylədi:

“Hələ heç nə bilmək olmaz. Santuş yeni gəlib, inkişafdan danışır. 4 ilə hər şeyi dəyişməliyik… Bəlkə də, nəsə edə bilər, amma düşünürəm ki, ciddi dəyişiklik olmayacaq”.