Santuş nəyin hesabatını verib?

AFFA İcraiyyə Komitəsinin iclası baş tutub. Toplantıda əsas millinin baş məşqçisi Fernandu Santuşun hesabatı dinlənilib və yığmanın perspektivləri müzakirə edilib.

Azərbaycan yığması Santuşun baş məşqçi postuna gətirilməsindən sonra 6 oyunda cəmi 1 heç-heçə (!) edib, 5 dəfə uduzub (!). Qələbəsiz start. Millidə baş məşqçi dəyişikliyinin gözlənildiyi toplantıda hesabat dinlənilib, nəyin hesabatı, maraqlıdır. Məğlubiyyətlərin hesabatıdırsa, nə üçün hansısa tədbir görülməyib?

Son iş yerlərində – Polşa və “Beşiktaş”da uğursuz olan mütəxəssisə görünür, növbəti şans verildi. Santuşun iddialı açıqlamaları var, hər konfransdan sonra “yaxşı olacaq” deyə başlayıb, ağız dolusu danışan mütəxəssisin hansı perspektivləri müzakirə etdiyi də maraqlıdır.

Millinin növbəti rəsmi oyunu təxminən 9 ay sonra – 2025-ci ilin sentyabrında dünya çempionatının seçmə mərhələsində İslandiyaya qarşı olacaq. Qarşıdakı müddətdə nələrin dəyişəcəyi, millidə hansı islahatların aparılacağı, hansı strategiyanın müəyyənləşdiriləcəyi maraqla gözlənilir.

Şahin Cəfərov