Santuş: “Gələcəkdə daha yaxşı futbol oynayacağıq”

UEFA Millətlər Liqasının IV turunda keçirilən Azərbaycan – Slovakiya oyunundan (1:3) sonra millinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyət ilə bağlı bunları dedi:

– Millinin belə biabırçı məğlubiyyətlərinə görə öz reputasiyanızı korladığınızı düşünmürsünüz?
– Biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Müəyyən qədər vaxt lazımdır. Düşünürəm ki, oyunun ilk dəqiqələrindən 68 dəqiqəyə qədər yaxşı performans sərgilədik. Sadəcə bu cür vəziyyətlərdə bəxt amili müəyyən qədər rəqib tərəfdə oldu. Qırmızı vərəqədən sonra üstünlük onlara keçdi. Bundan sonra oyunun taleyini dəyişmək çətindi. Oyun ərzində 4-5 qol imkanımız olsa da, dəyərləndirə bilmədik.

– Qırmızı vərəqə epizodunda daha çox səhv ötürmə edən Rahil, yoxsa kobud oynayan Mahir günahkardır?
– Fərdi olaraq futbolçularda səhv axtarmağa nə var ki… Fərdi səhvlər haqda danışmağı xoşlamıram. Bəlkə, ilk sarı vərəqədən sonra artıq problem başlamışdı. Ancaq düşünürəm ki, hakimin qərarı da qərəzli idi. Mahir Emreliyə verilən sarı vərəqələr müzakirəyə açıqdır. Amma bunlar oyunun taleyini dəyişmir.

– Mahirin qovulması aşkar məsuliyyətsizlik kimi görünür. Azərbaycana böyük layihə üçün gəldiyinizi demişdiniz. Bu heyətlə planları həyata keçirmək nə dərəcə realdır? Buna inanırsınız?
– Müsahibələrimdə qeyd etmişəm ki, zaman lazımdır. Bir il sonra bunu danışacağıq. Hələ o vaxt yetişməyib. Konfranslarda qeyd etmişəm ki, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə qədər layihə davam edəcək və bir neçə il sonra istənilən komandaya qarşı normal futbol sərgiləyə biləcəyik. Hələ bir il keçməyib. Komandada potensial görürəm. Sadəcə zaman lazımdır.

– Məğlubiyyəti biabırçı hesab etmir. Azərbaycan millisi D Liqasına yuvarlansa, biabırçılıq hesab edəcəksiniz?
– D Liqasına düşəcəyimizə inanmıram. Olsa da, problem nədədir? Məqsədimiz gələcəkdə daha yaxşı futbol oynamaqdır. D Liqasına düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparacağıq. Azərbaycan buna qədər aşağı liqaya düşüb? Təbii ki, hazırkı vəziyyətdə məyusluq, biabırçı məğlubiyyət fikirlərini anlayıram. Amma etiraf edək ki, komanda yaxşı nəticə qazanmaq üçün mübarizə apardı. 68 dəqiqə yaxşı futbol göstərdik. Bunu səmimi qəbul etməliyik. Bəlkə də, “qırmızı” olmasaydı, nəticə fərqli alınardı. Azlıqda qalanda güclü rəqibə qarşı nəyisə dəyişmək çətin olur. Yaratdığımız qol fürsətlərindən istifadə etsəydik, fərqli nəticə qazanıb, indi fərqli danışardıq. Millidən effektiv oyun gördüm. Nəticə hər kəs üçün arzuolunmazdır. Zənnimcə, düzgün yoldayıq. Estoniya ilə matçda 35 dəqiqə üstün olduq, bu gün də 68 dəqiqə. Düşünürəm ki, belə detalları inkişaf etdirib, gələcəyə ümidlə baxmaq olar.

– Aşağı yaş qruplarının nəticələrindən yəqin xəbərdarsınız. Gələcəyin komandasını kimlərlə quracaqsınız?
– Təbii ki, həmin futbolçular içərisində əsas yığmaya yüksələcək futbolçular olacaq. 1-2 il sonra milli səviyyəsində inkişaf etmiş futbolçular olacaq. Hamımız birlikdə çalışaraq bunu görəcəyik.

– Ozan Can Kökçü iki oyunda da meydana çıxmadı. Onun oynadığı komanda – “Molde” Estoniya futboluna yaxındır, bəlkə, meydana çıxsa, daha yaxşı oynaya bilərdi. Amma şans vermədiniz. Bu, nə ilə bağlıdır?
– Bu, iqlimlə bağlı deyil. Estoniyanın Norveç iqliminə yaxın olması nə əlaqə?

– “Beşiktaş”da ardıcıl 5 məğlubiyyətdən sonra istefa vermişdiniz. Bu dəfə nə vaxt istefa verəcəksiniz? Daha əvvəl Polşa və Türkiyədə müqavilənizə vaxtından əvvəl xitam verildi…
– Siz hekayəni bilmirsiniz. “Beşiktaş”da ilk 10 oyunun 7-də qələbə qazanmışıq.

– Hücumda dəqiqlik yoxdur. Növbəti matçlarda irəlidə rotasiya etməyi düşünürsünüz?
– Bu məsələni düşünməliyik. Təbii ki, hər kəsi başa düşürəm. 4 oyundan sonra neqativ nəticələrdən kimsə məmnun deyil. Bu haqda düşünəcəyik. İlk növbədə İsveçlə oyunda yaşananlar haqda danışmaq istəyirəm. 5-6 real qol şansı yaxaladıq, dəyərləndirə bilmədik. Penalti oldu, yenə yararlanmadıq. Bu gün üstünlük daha çox bizdə idi. Fürsətləri dəyərləndirsəydik, indiki vəziyyətimiz fərqli olardı. Estoniya səfərində fasiləyə iki fərqlə öndə yollana bilərdik. Asanlıqla qol şansı yaradırıq, amma fərqlənə bilmirik. Bir şeyi nəzərə çatdırım, komanda bir aydan sonra toplaşacaq və yenə qısa vaxtımız olacaq. Daha çox məşq edərək problemləri aradan qaldıra bilərik.

Şahin Cəfərov