Santuş: “Düşünməliyik ki, nəyi düz etməmişik və bunu düzəltməliyik”

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Belarusa qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə mətbuat konfransı təşkil olundu.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:

– Səbuhinin konfransa gəlməsi onun sabah startda olacağı anlamına gəlir? Və heyətdə hansı dəyişikliklər olacaq?
– Sabah Elvin Cəfərquliyevdən başqa hamı şans qazana bilər. Səbuhi də onların arasındadır. Bəzi oyunçular oruc tuturlar və fərqli rejimdə olurlar. Buna hörmətlə yanaşıram. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər olacaq. Daha aqressiv, istəkli və güclü olmalıyıq. Müdafiədə inamlı olmalıyıq. Buraxdığımız qollar sadədir. Sabah qol vurmağa da çalışacağıq. Haiti ilə matçda şanslarımız olsa da, hücumda sonluq çatmadı. Sabah bu problemi də aradan qaldırmağa çalışacağıq. Hər oyunda imkanlarımız olur. Hücumda daha iti və konkret olmalıyıq. Futbolda belə hallar olur. Bəzən epizod yaradır, qola çevirə bilmirsən. Amma sonrakı matçlarda bunun bəhrəsini görürsən. Yenə deyirəm, müdafiədə inamlı çıxış etməliyik. Demək olar, hər oyun qapıda qol görürük. Belə davam edərək yuxarı səviyyədə rəqabət apara bilmirik. Hücumda isə qol epizodları yarada bilirik. Bu, elə bir idman növüdür ki, kollektivdir. Kimsə sırf müdafiədə, ya hücumda olmalı deyil. Kollektiv olaraq oyunu yaxşılaşdırmalıyıq.

– Millidə qələbəsi olmayan baş məşqçi kimi hansı hissləri keçirirsiniz və qələbə üçün nə qədər gözləməliyik?
– Hər oyunda imkanlarımız olur ki, qalib gələk. Hamılıqa inanmalıyıq ki, qələbə gələcək. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda olar. Daha inamlı müdafiə olunmalıyıq. Düşünməliyik ki, nəyi düz etməmişik və bunu düzəltməliyik. Mütəxəssis kimi deyə bilərəm ki, müdafiədə daha inamlı və hücumda epizodları qola çevirməliyik. Bunları etsək, qələbə daha yaxın olacaq.

– Haiti millisi ilə oyundan sonra bildirmişdiz ki, müdafiədə oynamalıyıq. Hansısa dəyişiklər düşünmüsüz?
– Hələ son qərar verilməyib. Oyunçuların durumunu bilməliyik ki, necədir. Məşqlərdə fərqli vəziyyətlər ola bilər. Ümumi götürəndə, son məşqdən sonra mən və köməkçilərim qərar verəcəyik ki, kim oynayacaq. Əsas olan odur ki, uşaqlar meydanda əzmkar və istəkli olmalıdır. Əlbəttə, oyunumuza yenilik gətirməliyik.

– Haiti ilə görüşdən sonra daha bir fikir vardı ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. Bu açıqlamanı emosiyalara qapılaraq, üzülərək demişdiz, ya hələ də belə fikirləşirsiz?
– Mən belə deməmişəm. Fikrim o idi ki, meydana girdik və dərhal məğlub olmağa başladıq. Sonra dedim ki, komanda birinci hissədə qol epizodları yaratdı, sadəcə epizodları konkretləşdirə bilmirdik. İkinci hissədə dəyişiklik etmək istədik. Amma ikinci qoldan sonra komanda təslim oldu. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qalib gəlsinlər. Futbolçularımız qol buraxan kimi həvəsdən düşür. Bu da mental olan şeydir.

– Sabah qapıda Rza Cəfərova şans verəcəksiz? Şahruddin Məhəmmədəliyevin son oyundakı performansı aşağı görünürdü…
– Kimlərin oynayacağını deyə bilməyəcəm. Suallar aşağı-yuxarı eynidir. Etdiyiniz təhlillər fərdidir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsız. Udanda birlikdə uduruq, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik.

– DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Rəqiblər haqda nə düşünürsüz? Azı yaxşı oyunla nəsə edə biləcəyik? Bu qrupda sizin futbol fəlsəfənizi görəcəyik?
– Bu haqda şərh verməyəcəm. Həmin oyunlar iki-üç aydan sonra başlayacaq. Sabah bizimçün vacib oyun var. DÇ oyunları haqda fikirləşmək üçün kifayət qədər vaxt var. Bu suallara da cavab verəcəm. Qrupda oyunlar, rəqiblər haqda cavabları verəcəyəm.

– Məğlubiyyətlərdən sonra mental məsələlərdən şikayətlənirsiz. Burda olmağınızdan az vaxt keçməyib. Hələ bundan şikayətlənirsinizsə, deməli düzəldə bilməmisiz. Bunun axırı necə olacaq? 
– Cəmi 6 oyundur ki, buradayam, bir il deyil. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Daim oyunçularla danışıram. Hər dəfə oyunçulara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də danışırıq. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri adlamaldırlar. Bərabərlikdə bu problemi çözməliyik. Bu işdə siz jurnalistlər də, azarkeşlər də çox vacibdir. Nə qədər bir olacağıqsa, eyni istiqamətdə addımlayacağıqsa, asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda, futbolçum qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə “öldürmək” olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək lazımdır. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birimiz belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı edəndə tərifləmək düzgün deyil. Onlar düzgün etməyəndə də dəstəkləmək lazımdır. Milli komanda bu deməkdir.

– Azərbaycan millisi kollektiv şəkildə yaxşı mübarizə apara bilir?
– Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Komanda şəklində müdafiədə çox zəif çıxış edirlər. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda… Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirmələri çalışdıq. Bir məşq ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər.

Şahin Cəfərov