“Xarici məşqçidənsə özümüzünkülər işləsin” zümrəsindən olanları sevindirəcək xəbər – Samir Abasov “Neftçi”nin baş məşqçisi oldu.
“Sumqayıt”ı yarıyolda tərk edib “ağ-qaralar”ın “sükançı”sı olmağa qərar verən Abasovun bu seçimi/qərarı onun gələcək karyerasına təsirsiz ötüşməyəcək. Kitab üzərində olmayan, xəyali idman etikası belə epizodları yaxşı dəyərləndirmir, hətta bəzən sərt cəzalandırır – tarix, təcrübə göstərib…
İndi vəziyyətə baxaq:
“Neftçi” ən pis mövsümünü keçirir. 9 turdan sonra 9-cu yerdə qərarlaşan “flaqman” deyə bilmədiyimiz “flaqman” son illər ardıcıl əcnəbi mütəxəssis seçimlərindən sonra yerliyə üstünlük vermək qərarına gəlib. Samir də məhz bu prinsipə görə seçilib. Başqa yerli adlar da bu yerə layiq sayıla bilərdi, lakin bir subyektiv neqativlik yaratsa belə, indidən qeyd etməyə dəyər – məhz Abasov seçimi göstərir ki, “Neftçi” hələ də kənardan təsirə məruz qalır. Yaxın gələcəkdə bu detalı daha ətraflı şərh edərik…
9-cu yerdə qısılıb qalan klub 8-ci pillədəki “Sumqayıt”ın baş məşqçisini gətirir. Və bu cümləni ironiya qondarma cəhdi kimi görməmənizi istərdim…
Bilmək olmaz.
Abasov son illər sabit orta tempdə davam edir, yenilik görünmür. Ancaq ekstravaqant tipaj hesab edilə bilər və bu amil onun gözləniləndən daha yaxşı effekt verə biləcəyi ehtimalını yaradır. Təbii ki, bu iş birdən birə, sürətlə baş verməz. Eyni zamanda tək Samirdən asılı deyil. “Neftçi”nin iddialıya çevrilməsi üçün baş məşqçi amilindən savayı nəsnələr də var.
Yəqin bu dəfə mütləq yerli mütəxəssis olmalıdır prinsipi üzərindən Abasov seçimini edən(lər) ən çox bunu “Neftçi”nin son çempionluğuna görə edib – müəllif odur. Hərçənd o həna artıq bu həna deyil.
Diriliş.. və elə Samirin öz təbirincə desək, betonlaşmış “Qarabağ” kimi sistemə qarşı mübarizə aparmaq indi daha çətin görünür. Nəzərə alsaq ki, həmin dövrdəkindən fərqli, biraz da güclənmiş “Sabah”, “Zirə”, “Turan Tovuz” var.
Reinkarnasiya inkar olunmur, ancaq “Neftçi” əvvəl yaxşı detoks prosesindən keçməlidir.
Elçin Cəlilov