Samir Abasov: “Vəziyyət nəzarətimizdədir”

Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi:

– Yerli azarkeşlər oyunun startından sona qədər sizə qarşı tənqidi şüarlar səsləndirdi. Bu gün belə qarşılanmağınız sizə necə hiss etdirdi?
– Bu, mənim və azarkeşlərin arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər və yolu da bəlkə, bu idi. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Amma məsələnin hardan gəldiyini çox yaxşı bilirəm. Təmiz olmayan şeydir. Bunlar nəyə sığır və kimlər etdirir yaxşı bilirəm. Azarkeşlərə sözüm yoxdur.

– Məğlubiyyətin səbəbi nə idi?
– Bədbəxtliyimiz odur ki, kağız üzərində favorit göstərilirdik. Oyuna çox yaxşı başlamışdıq. Etmək istədiklərimiz alınırdı. Bilmirəm, bəladır, ya nə… Rəqibə hədiyyə edilən topdan sonra qol gəldi. Sonra özün iki metrdən qol vura bilmirsən. “Şamaxı”nı 2:0 udurduq. amma sonda heç-heçə oldu. 23-24 dəqiqə ərzində qollar vurur, epizodlar qaçırırsan. Bu gün də, “Qarabağ”la oyunda da imkanlarımız var idi, amma iki metrdən qapıya düşə bilmədik. Komanda demək olar, hər oyundan sonra “hədiyyə” ilə rəqibə qol verir. İş də bundan sonra başlayır. Ümumi “Neftçi”nin simasını görürük. “Neftçi” nəyə qadirdir, o üzə çıxır. Bu cür komandalara qol vurmayıb, qol buraxırsansa, belə komandalar artırmağa başlayır. Sən “Neftçi”nin futbolçususan və sən bu hallarda vəziyyətdən çıxmalısan. Yəni, keyfiyyət önə çıxmalıdır. Epizod yarada bilmirsənsə, artıq bütün suallara cavab tapılır. Əsas odur ki, bu vəziyyət nəzarətimizdədir. Qrafik cızırıq və biliri ki, hansılarla yola davam edəcəyik, hansılar yükü daşıya bilmir. Bəlkə də, xeyirlisi budur. Bəlkə, belə məğlubiyyətlərin faydası olacaq. Azarkeş kimi baxanda başqa şey görürük. Biz artıq səfərdə və evdə oynayan oyunçuları müəyyən etmişik. Bəzi futbolçular təzyiqə tab gətirmir. Belə şeylər olmaz. “Neftçi”də oynayırsansa, bu cür hallar olmamalıdır. Məcbursan ki, “bir nömrə” kimi oynayasan. Futbolçunun keyfiyyəti önə çıxmalıdır.

– Komandanız motivasiyasız görünürdü. Fikrinizdən belə qənaətə gəlmək olar ki, narazı olduğunuz mövqe hücumdur?
– Bu gün bunu demək məcburiyyətindəyəm, komandamızda mövqe olaraq hamısı bir tip oyunçudur. Hücumçularımız arxası rəqib qapıya oynayan oyunçulardır. Bunlara görə oyun qurmağa çalışırıq. Hər mövqedə olanlar belədir. Bir tipləri var. Bu cür vəziyyətlərdə oyunu dəyişmək də çətin olur. Çünki yerinə daxil olan futbolçu da eyni cür oynayır. Bunlardan bir dərs çıxarmalıyıq. O demək deyil ki, gələn oyunu mütləq udacağıq. Özümüzdə oyunçu profillərini müəyyənləşdirməliyik. Belə davam etməyəcək. Lakin bu cür danışandan sonra növbəti oyuna köklənmək çətin olur. Futbolçular bilsin ki, vəziyyət nəzarətimiz altındadır. Yavaş-yavaş səbrimizi basıb, edəcəyik. Artıq bilirik ki, hansı vəziyyətdəyik. İnanın, motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, qol buraxandan sonra təmiz “ölürsən” və durumdan çıxa bilmirsən.

– Subyektiv fikrimdir, bəlkə, kollektivə psixoloq dəvət edəsiniz və durumdan çıxmağa kömək etsin?
– Psixoloqa ehtiyac yoxdur. Dəyişikliklər lazımdır. Bu da anidən baş verən deyil. Belə situasiyada nə yaxşı ola bilər? Oyuna yaxşı başlamışdıq. Lakin sonra geri düşdük və çıxa bilmədik. Bu hallarla son oyunlarda çox qarşılaşırıq.

– Bu gün “Neftçi”nin adı favorit olur, oyunçular kluba uyğun deyil. Statistikada ən yaxşı olan Yuri Matias da “Neftçi” səviyyəsində deyil. Qış fasiləsini səbirsizliklə gözləyirsiniz?
– Bilirik ki, nə var nə yox. Yuri Matiasın çox qol vurmağı, hücumda problemlər aşkardır. Vəziyyəti, səbəbləri bilirik. Düşdüyümüz durumun sonu var. Əsası da nəzarətimizdədir. Hansı addımları atacağımızı bilirik.

– Sizin tərk etdiyiniz “Sumqayıt”la indiki arasında nə fərq var?
– Elə fərq görmədim. Mən də olsaydım, “Neftçi” ilə belə oynayardım. “Neftçi”də elədir ki, aldığın müəyyən maaşa görə sən də “bir nömrə” oynamalısan. Keyfiyyətin yaxşıdır və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Məsələ bundan sonrakı mərhələləri aşa bilməkdədir. Problemləri çözmüşük və bilirik.

– “Gözdən çıxardığınız” oyunçular var və özləri bunu bilir? Ola bilər ki, bunu bilir və 100 faizlik güclərini qoymurlar?
– Yaxşı, indi bilirlərsə, bundan əvvəl niyə belə idi?

Şahin Cəfərov