Samir Abasov: “Onunla danışacağıq, cəzası da olacaq”

Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra meydan sahibi komandanın məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Rəqibi təbrik edirəm. Oyun elə formada gedirdi ki, sanki ya heç-heçə olacaq, ya da qol vuran udacaq. Meydanda mübarizə var idi. Çalışdıq ki, geri düşəndən sonra oyunu ələ alaq. Qarşıdakı oyunlara baxacağıq.

– Yayda heyətə cəlb edilən transferlər gözləniləni qarşılamır. Bu durum nə vaxta kimi davam edəcək?
– Yeni gəliblər, zaman lazımdır. Ötən il də vəziyyətimiz bu cür idi. Yeni transferlər uyğunlaşma problemləri yaşayır. Bu gün əsas heyətdə oynamayan Slavko Radoviçin məsələsi öz durumu ilə bağlı idi. Biz də istəyirik ki, yenilərimiz komandaya uyğunlaşsın. Bir az oyunumuzdan qopmuşuk. Yəqin, milli fasilə bizə kömək olacaq ki, daha yaxşı ola bilək.

– Meydandakı mübarizəni keyfiyyətə çevirmək üçün nə çatmır?
– İndiki məqamda hücumameyilli oyunçuların aktivliyi yoxdur. Cinahlardan ötürmələri edə bilmirik. Həm Rəhim Sadıxov, həm də Cordan Rezabala ayağa oynayan futbolçulardır. İrəlidə “diş” göstərə bilmirik.

– Bəlkə, Rövlan Muradovla fərdi söhbət edəsiniz? Onun mövqeyindən rəqib əks-hücumda qol vurdu. Onda nə problem var?
– Nə üçün problem olmalıdır? Həmin mövqedə rəqabətsiz oynayır. İndiki məqamda həmin mövqeyə Sərtan Taşkın gəlib, amma hələ o da tam yaxşı deyil. Rövlan topu itirəndən sonra danışmağa daha çox vaxt ayırır, nəinki qaçmağa. Onunla danışacağıq, cəzası da olacaq. Ötənilki zədəsindən sonra özünə gələ bilmir. Bu, belə davam edə bilməz. Həmin mövqeyə rəqabət gətirmək lazımdır.

– Komanda Konfrans Liqasına vəsiqə qazanda hamı düşünürdü ki, hazır futbolçular gələcək. Amma indiki vəziyyət o deyil…
– Hazır oyunçu sırf maliyyə məsələsi ilə bağlıdır. Çempionatı davam edən oyunçunu gətirmək üçün pul verməlisən. Açığı, biz də bunu edə bilmirik. Maliyyə baxımından uyğun olanları gətiririk. Məşqçi kimi mənim bu məsələdə bacaracağım bir şey yoxdur.

– Büdcə ilə bağlıdırsa, ötən il “Kəpəz”, “Şamaxı”, “Turan Tovuz”, “Qəbələ” də az büdcə ilə yaxşı oyunçular tapa bilir. Bəlkə, siz “transfer bazarı”nı dəyişəsiniz?
– Bu gün onları deyiriksə, özlərini doğruldanları da deyək. Biz bu uşaqlarla Konfrans Liqasına vəsiqə qazandıq. Fikrimiz daha yaxşı olmaq idi. İndi düşdüyümüz situasiya çox faciəli deyil. Çətin dönəmlərdən keçdiyimiz olub. Bu gün də 3-4 oyunla hansısa oyunçuya qiymət vermək çətindir. Bizim kimi komandalar bunun əziyyətini çəkir. Məsələn, bir hücumçun varsa, yaxşı vəziyyətdə olmasa da, oynamalıdır. Və bu məqamda ona qiymət verməyə başlayırıq. Hər mövqedə rəqabət olmalıdır. Çalışırıq ki, buna başqa yöndə yanaşaq və oyunçulardan xeyir götürə bilək. Biz də istəyirik ki, yaxşı olsun.

– Rəhim Sadıxovun iki epizodu oldu ki, boşa verdi. Hiss etmirsiniz ki, peşəkar futbolçu belə səhvlərdən yararlanmalıdır…
– Rəhimlə danışmışıq, futbol xarakterini dəyişməlidir. “Zirə”də oynayanda da onun üzərində çox durulurdu. Onun oyundan qopması, sona kimi mübarizədə olmaması, diqqət itkisi haqda çox danışıb. Rəhim bunu dəyişməlidir. Düşünürəm ki, o, özü artıq anlamalıdır ki, nələri düzəltməlidir. Bu epizodlar da göstərir ki, onun haqda deyilənlər düzdür.

– Fernando sanki məsuliyyəti üzərinə götürə bilmir… Top gələn kimi digər oyunçuya ötürür. Bu, sizin tapşrığınızdır?
– Xeyr, özü məsuliyyətə girmək istəmir. O, Albaniyada ən yaxşı futbolçulardan idi. Sanki bura gələndə təzyiq altına düşüb. Düşünürəm ki, qələbə qazanandan sonra bunlar düzələcək.

– Azarkeşlərə nə vəd edirsiniz?
– Transferlərlə bağlı işlər gedir, bəzi mövqelər üçün oyunçu axtarırıq. Alınacaq, gətirəcəyik. Məqsəd qoyulmadığı halda Konfrans Liqasına düşmüşüksə, başqa şey haqda danışmamalıyıq. Yenə həmin yer üçün mübarizə aparacağıq. İndiki situasiya ötən illə demək olar, eynidir. Keçən ilki uğurumuzu təkrarlaya bilərik. Konfrans Liqası üçün mübarizə aparacağıq.

Şahin Cəfərov