Samir Abasov: “Məni bura nələrdənsə şikayət etmək üçün gətirməyiblər”

Azərbaycan Premyer Liqasının XIII turunun “Neftçi” – “Şamaxı” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun haqda nəsə demək çətindir. Oyun keçdikcə komandadakı problemlər daha yaxşı sezilməyə başlayır. Hara gəldiyimizi bilirik. İndiki vəziyyətdə tək çıxış yolumuz dayanmadan işləməkdir. Bu situasiyaları keçmək lazımdır. Pozitiv nəsə axtarıb, onun üstündə durmaq, yaxşılaşdırmaq lazımdır. Gənc oyunçumuz Murad Məmmədovu təbrik edirəm, yaxşı oynadı. Bu gün “Neftçi” olaraq oyunların ritminə tab gətirə bilmirik. Əsas görünən problem budur və üzərində işləyəcəyik. Xüsusilə, ikinci hissələrdə hücum etməkdə çətinlik çəkirik. Çalışacağıq ki, ən yaxşısını edə bilək. Oyundan əvvəl uşaqlara dedim ki, oyununuzdan həzz alın, ritminizi qoruyun. Çalışacağıq ki, nəsə edək, yaxşı vəziyyətə gələk.

– 2:0-dan sonra Dembo Darbo yaxşı fürsət yaxalasa da, ötürmə etdi. Daha sonra epizod boşa verildi, Darbo güldü. Həmin epizodla bağlı düşüncəniz nədir?
– Oyunu təhlil edib, nəsə demək olar. Onun gülümsəməsində neqativ axtarmaq lazım deyil. Onsuz hesab da 2:0 idi, bir az rahatlıq var idi. Əziyyət çəkdiyimiz məqam futbolçuların son epizodlarda verdikləri qərardır. Bəlkə, 3:0 olsaydı, daha fərqli olardı.

– Qələbələr olmayanda əsas günahkar baş məşqçi göstərilir. Görünən odur ki, komandanın fiziki durumu yaxşı deyil. Bununla bağlı planınız nədir?
– Rotasiyalar edə-edə ümumi bir balans yaratmalıyıq. Bilməliyik ki, burda vəziyyət yaxşı olsaydı, məşqçi dəyişilməzdi. Nələrsə yaxşı deyil ki, bu cür addımlar atılıb. Məni bura nələrdənsə şikayət etmək üçün gətirməyiblər. Şikayətim də azarkeşlər üçün marağı deyil. İşim vəziyyəti düzəltməkdir. Bura gəlmişəmsə, problemləri həll etməliyəm. İnsanlar bu situasiyadan çıxmağımızı istəyirlər. Vəziyyətin nə üçün bu yerə gəldiyini demək mənimçün düzgün deyil, etik qaydalar çərçivəsində deyil.

– Yeqor Boqomolskidə azarkeşlərin görmədiyi nəyi görmüsünüz ki, şans verirsiniz?
– Məsələ ümidləri doğruldub-doğrultmamaq deyil. Yeqorun yaratdığı təhlükəli epizodlar, müdafiəçilərin arxasına qaçmaları yorulmur Darbodan daha yaxşı idi. Bəzi qərarlarında düzgün olsaydı, qol da vura bilərdi. Lakin kimsə meydanda tapşırığı yerinə yetirmirsə, kimisə onunla əvəzetməlisiniz.

– Azarkeşlərin də artıq ümidlərinin tükəndiyini düşünürsünüz?
– Bizim situasiyamız elədir ki, bir baş məşqçi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz edə bilərik? Hansısa futbolçumuz onlara nəsə deyə bilər? Fanatlar özlərinə görə haqlıdırlar. Loru çıxsa da, nə edirlərsə, düz edirlər.

– “Neftçi”də sizin üçün sürpriz çatışmazlıq nə oldu? Yəni, kənardan görmürdünüz, ancaq gələndə gördünüz…
– Durum var, amma… vəziyyətdən çıxmaq bizim üzərimizdədir. Kənarda olanda komanda haqda çox məlumatın olmur. Heyət əvvəlki məşqçinin üslubuna görə yığılıb. Lakin indi danışdıqlarım kiməsə maraqlı deyil.

– Murad Məmmədov gələcəkdə parıldaya bilər?
– Muradda həddindən artıq futbol sırtıqlığı var. Oynamaq istəyir, aqressivdir. Belələri digərlərinə nisbətən daha tez inkişaf edir. Bu, onunçün təkan olacaq. Heç nədən çəkinmir, birinci hissədə də yaxşı oynamağa çalışdı, epizodlar yaratdı. Lakin müdafiədə axsamaları var. Oynaya-oynaya artırmalıdır. İnanıram ki, heç olmasa indiki situasiyada onun kimi futbolçular qazana bilərik.

Şahin Cəfərov