Samir Abasov: “Konfrans Liqasının dadını çıxarmağa çalışacağıq”

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bu qələbədən sonra nə deyək? Azarkeşlərimiz sağ olsun, bizi tək qoymadılar. Qələbənin açarı onların dəstəyi idi. Sumqayıt futbol şəhəridir. Onları yaxşı əhval ruhiyyədə yola saldıqları üçün futbolçulara təşəkkür edirəm. Mövsüm bitdi, biz də indi dincələrik. Çox yaxşı mövsüm keçirdik. Əsas odur, ruhumuzu qazandıq. Taktiki, fiziki şeylərdən danışmaq istəmirəm. Ruh olaraq möhkəmləndik. Dəfələrlə yıxılmışdıq, qalxa bildik. Məğlub olduğumuz oyunlardan sonra bizim kimi komandanın ayağa qalxa bilməyəcəyini düşənlər var idi. Hər şeydə bir xeyir var. Bu çempionat gözəl təcrübə oldu.

– Qarşıdan avrokuboklar gəlir. Bu haqda nə düşünürsünüz?
– İlin əvvəlindən bunu məqsəd qoymamışdıq. Oyunumuzla layiqli şəkildə gəldik. Fikirləşirəm ki, çempionat necə bir təcrübədirsə, avrokuboklara da elə baxacağıq. Bizim situasiyamız çətindir. Yeni komandayıq və heyət baxımından problemlər var. Bunları bir ay müddətində həll etmək asan olmayacaq. Avrokuboklara vəsiqə azarkeşləri də meydana yığacaq. Legioneri götürəndə artıq biləcək ki, avrokuboklarda olacağıq. Bu, əlavə üstünlükdür. Mənfi tərəflər də var. Qış fasiləsində ala bilmədiyimiz oyunçularla sonra əlaqəyə keçəndə baxırlar ki, yuxarı sıralardayıq və bir milyon pul istəyirlər. Reallığı danışmalıyıq. Bir ay ərzində seçəcəyimiz oyunçularla möhkəmlənməyə çalışacağıq. İsa Suliman, Roy Kehat kimi oyunçuları gətirə bildik, səbr etdik, onları başa saldıq və gətirdik. Bu ərəfələrdə indi yaxşı transferlər çətindir. Vaxt azdır. Bu gün hansısa legioner Azərbaycanı prioritet tutmur. Eyni zamanda dəyərindən artıq pul istəyirlər. Gözləyirlər ki, onsuz avqusta qədər vaxtları olacaq. Belə çətinliklər də olur. Konfrans Liqasının da dadını çıxarmağa çalışacağıq.

– Bu stadionun olması nəticələrə nə dərəcə təsir etdi?
– Legionerləri dəvət edəndə birinci stadionun videolarını göstərirdik. Sonra gəlib bir müddət keçmiş stadionda oynadılar və tez-tez soruşurdular ki, noldu. Bu gün Konfrans Liqasına vəsiqə sırf azarkeş dəstəyinə bağlıdır.

– “Neftçi” sizi göndərib, daha yaxşı nəticə qazanmaq istəyirdi, amma bu il avrokuboklardan kənarda qaldı. Amma siz daha az büdcə ilə avrokuboklara vəsiqə qazana bildiniz. Mənzərəni necə şərh edərdiniz?
– “Neftçi” nə qazandısa, mənim vaxtımda qazandı. “Neftçi”də görülən yaxşı işlər var. Yeni rəhbərlik gəlib, orda çoxlu dostlarım var. Yaxşı layihələr üzərində işləyirlər. Daha güclü olacaqlarına əminəm. Bu il kimə görə belə oldu düşünsək, heç nə qazanmayacağıq. Kimlərisə küsdürə bilərik. Onlar da istəyirdilər ki, avrokuboklarda olsunlar. Mənə desələr ki, sizinlə kimin avrokuboklara getməsini istərdiniz, deyərdim “Neftçi”. Olmadısa, hər şeydə xeyir var. İnanıram ki, yaxşı olacaq.

– Bəlkə, o yaxşı layihələrdə çatışmayan Samir Abasovdur?
– “Sumqayıt”ın baş məşqçisiyəm. Samir Abasov “Neftçi”yə lazım deyil. Zaur Əzizov zəng etdi, dedi ki, Avropa səviyyəli məşqçi istəyirik və müqavilə imzalamaq istəmirik. Onlar daha yaxşısına layiqdirlər.

– Komandanın üzərində böyük məsuliyyət var. Büdcə, heyət və s. məsələlərlə bağlı müzakirə olubmu və hədəfiniz nə olacaq?
– Təkrarlayıram, məqsədləri məşqçilər qoymur. Qoyulan hədəfləri klub qoyur. Yəqin ki, büdcə artacaq, bahalı legionerlərə baxa biləcəyik. Rövlan Muradov zədələnib, bu gün sağ müdafiəçim yox idi. Belə problemləri düzəltməliyik. Düşünürdüm ki, avrokuboklara düşməsək də, bunları həll etməliyik. Hər şey danışılıb. Oyunçu baxımından çətinliklər var. Bizə axınla gələn oyunçular var idi, amma eləsi var idi, meydana buraxılası deyildi. Yaxşılarsa tərəddüd içində olurdu.

Şahin Cəfərov