Samir Abasov: “Əminəm ki, daha yaxşı olacağıq”

Azərbaycan Premyer Liqasının XI turunun “Sabah” – “Neftçi” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyuna qələbə üçün çıxmışdıq. Başqa yolumuz yoxdur. Bunun üçün çalışdıqmı? Bu suala cavab tapacağıq. Komandam yaxşı oynamağa çalışdı. Bəzi epizodlarda risk etməkdə, irəliyə aqressiv getməkdən çəkinirdik. Bu da yəqin, uzun müddət qələbə qazanmamaqdan irəli gəlir. Bu oyunlarla belə psixoloji baryeri aşmağa çalışırıq. Bugünkü bir xala görə uşaqları təbrik edirəm, əziyyət çəkdilər. Əmin edirəm ki, daha yaxşı olacağıq. Bacaracağıq ki, bunu tez edək.

– Alfa Konte bu gün ehtiyatda qaldı. Onu nə üçün kənarda saxlamışdınız?
– Bu gün 20-21 futbolçu var. Heyətdə itkilərimiz çoxdur. Futbolçuları tonusda saxlamalıyıq. Futbolçulardan kimin nəyə qadir olduğunu bilməliyəm. Yenə deyirəm, bütün futbolçulardan razıyam. Rotasiyalar olacaq. Yəni, oyunçu burdan getsə, mənə suallar verəcək. Hər suala cavab tapmaq üçün bütün futbolçuları yoxlamalıyıq. Demək olar, hər biri eyni səviyyədə oyunçudur.

– İkinci hissədə sönük oyununuzun səbəbi nədir?
– Fiziki cəhətdən nəsə demək istəmirəm. İki həftəyə nəyisə dəyişmək olmur. Məşqlərdə fərqli “Neftçi” olur, oyunlarda fərqli. Azından bu variantın üzərində dayanmaq istəyirəm: uduzmamaq, qol buraxmaq. Ola bilər, ikinci hissədə bunlardan ehtiyatlandıq.

– Qarşıda 4 ev oyunu var. Neçə xalı uğur hesab edəcəksiniz?
– Elə vəziyyətdəyik ki, düşdüyümüz durum yaxşı deyil. Bu gün qələbə qazansaq da, bizdən öndəkilər də qazanır. Təsəvvür edin, sizdən irəlidəki komandalar qələbə qazanır və siz də artıq üç xala məcbur olursunuz. Bu gün penaltidən qol buraxıb, uduzmağımız ölməyimizə səbəb ola bilərdi. Çalışacağıq, hər oyunda qələbə qazanaq.

– Yeqor Boqomolski sizə qədər nəsə faydası olmayıb. Bu gün siz də ona şans verdiniz. Siz də onun hansısa faydasına ümid edirsiniz?
– Futbolçular oynadıqca tonusda qalmalıdırlar. Növbəti oyun kimsə sarı vərəqə ala bilər və digərinə ehtiyar yarana bilər. Oyunçuların hamısını tempdə saxlamalıyıq. Məndən əvvəl olanların mənə aidiyyatı yoxdur. Hər futbolçunu yoxlamalıyam. Hamısından razıyam.

– Cinahdan ötürmələriniz olmadı. Bu, keyfiyyətlə bağlıdır?
– Xeyr. Cinah oyunçularımızdan yaxşı şeylər də gördük. Əslində onların keyfiyyətinə çox ümid edir, inanıram. Uşaqlar da daha yaxşı variantları axtarır.

– Emin Mahmudov əvvəlki performansına qayıda biləcək?
– Emin ötən oyunda da 90 dəqiqə oynadı. Digər futbolçular kimi bizimçün çox önəmlidir. Mahmudovun mənimçün digərlərindən üstün cəhəti odur ki, mənlə işləyib, istədiyimi bilir. O, bunu meydançada digər oyunçulara da çatdırır. Məşqlərdə də çox çalışır, ondan razıyam.

– İki oyuna 4 xal qazanmısınız. Futbolçular məğlubiyyəti üzərlərindən ata biliblər?
– Xeyr, bəzi oyunçularda bu, sezilir. Məşqdəkilərin əksini görürük. Qələbələr sıralandıqda bunlar düzələcək. Psixoloji təsir edir. Məğlubiyyət yenə aşağılara sala bilər. Çalışacağıq ki, bunları aradan qaldıraq. Psixologiyamızın düzəlməsi üçün belə oyunları qazanmalıyıq. Xal itirmək qorxusu var, bunu aradan qaldırmalıyıq.

– Qapıçı mövqeyində rəqabət necədir? Emil Balayev şans qazanacaq?
– İnşallah, qazanacaq. O, ağır zədədən çıxıb. İndi bərpa dövrünü keçir. Hiss etsək ki, psixoloji oyunlara hazırdır, şans qazanacaq. İndi kiməsə tez şans verib, komandanı çətin vəziyyətə sala bilmərik.

Şahin Cəfərov