Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
– İlk hissədə nə baş verdi ki, ikinci hissəyə 4 əvəzetmə ilə başladınız?
– Tamamilə narazı qalmışdıq. Hücum etməkdə, hücumu qurmaqda problemlərimiz var. Bunlar ilk hissədə daha çox üzə çıxdı. Düşündük ki, bir cinahda Muradı, sol vinger kimi də Ramili oynatdıq. Əfsuslar olsun, sönük oyun getdi. Nə biz istədiyimizi edə bildik, nə də oyunçular tapşırıqları yerinə yetirə bildilər. İlk hissədə qapıya zərbə vura bilmədik. Narazılıq yaradan məqamdır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Tapşırıq verdik ki, daha çox hücum edək. İmkanlar da yaratdıq, amma qola çevirə bilmədik. Robert Bauerin mövqeyini uduzdu və topu çıxardı. Bundan sonra standart vəziyyətdə qol buraxdıq. 4 dəyişiklik etmək qərarını verdim. İmkan olsaydı, 5-ni edərdim, sadəcə birini saxlamağı düşündük. Çətinliklərimiz var və hələ bunun öhdəsindən gələ bilmirik. Məsələlərin nədən irəli gəldiyini bilirik, ancaq həll etməkdə çətinlik çəkirik. Vaxtımız var, danışıqlar apardığımız oyunçular var. Bəlkə, bunlarla nələrisə düzəldə bilərik. Qarşıda bizim üçün çox vacib olan kubok oyunumuz var. Bütün prioriteti kuboka verəcəyik. Tam gücümüzü verməklə nələrsə etməyə çalışacağıq.
– 7 yerli futbolçu ilə çıxdınız. Sanki legionerlərə üsyan edirsiz… Yayda legionerləri vaqonla geri qaytaracaqsız?
– Vaqonla, təyyarə ilə bilmirəm. Buna yayda baxacağıq. Əlimizdə olan heyəti uşaqların məşqdəki performansına görə qururuq. Bu da bəlkə, hardasa düz deyil. Görmək istədiyim oyun üslubu var. Mövsümün ortasında gəlmişik və bilirik ki, bu oyunçularla oynamalıyıq. Gələn həftə 11 yerli oyunçu olarsa, normal qarşılamalısınız.
– Üç mərkəz yarımmüdafiəçisinin heç biri standart “10 nömrə” deyil. “10 nömrə”niz yoxdur*
– Ozobiç var. Bu gün sırf “10 nömrə” yox, sırf hücumda olanlara fikir vermək lazımdır. Bütün gücü hücuma verməyi düşünürdük. Çünki başqa cür hücum qurmaq olmur. Əfsuslar olsun, Murad Məmmədov da oyundan qopdu, Ramil Şeydayev arxaya oynamağa başladı. Bu gün “10 nömrə” Ozobiçdir, xeyirli futbolçudur. Qol da vurdu. Sadəcə onun da gücünün çatdığı dəqiqələr var. Çünki çox zədələri oldu. Onu ikinci hissədə meydana buraxmaq da bir çözümdür. Bu gün tək “10 nömrəmiz” Ozobiçdir.
– Demək olar ki, sanki “Neftçi” futbolçularında olmalı olan istək Ürfan Abbasovda idi. Bütün oyunçular onun kimi əzmkar, istəkli olsaydı, fərqli olardı. Onun kimi istəkli oyunçunuzun olmasını istərdiz?
– Belə oyunçuları tərifləməlisən. Biz də istəyirik ki, oyunçularımız onun kimi istəkli olsun. Bu istək “Neftçi”yə qarşı olan bütün komandalar var. Fikirləşirdim ki, “Sabah” bizə qarşı oynadığı kimi “Sumqayıt”a qarşı oynasa, qələbə qazanacaq. Amma baxın, görüşdə fərqli komanda kimi göründülər. “Kəpəz” bizə qarşı çox istəkli oynayırdı, son dəqiqələrdə bizi uda da bilərdilər. Amma sonra evlərində heç-heçə oynayırlar. Ürfanın, digər komandaların istəyi bizə qarşı fərqli olur. Mən də istərdim ki, komandam belə olsun. İstəyim odur ki, belə komanda quraq.
Şahin Cəfərov