Samir Abasov: “Bu haqda danışmaqdan yoruldum”

Azərbaycan Premyer Liqasının XXXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Nə fikir bildirək? Bir oyunumuz qaldı, ona hazırlaşacağıq. Sonuncu mərhələdəyik. Əlimizdən gələni etməyə çalışacağıq.

– Yenə “Sabah”, yenə Murad Xaçayev. Bu dəfə də avtoqolla yadda qaldı…
– Nə edək? Əlbəttə, təsadüfdür. Oyunçuların səhv etməyi normaldır. Üst-üstə bir oyunçunun etməsi bitəhər görsənir. Amma insanlar da robot deyil, səhv edib, canı sağ olsun.

– “Sabah”a oyun baxımından geri qalmadız. Amma oyunçu keyfiyyətində geri qaldınız…
– Əlbəttə, keyfiyyət fərqi oldu. Masa üstündə qoyulan pullar ortadadır. Keyfiyyətdə fərqin olması normaldır. Keyfiyyətdə onlara uduzduq. Yeni komanda qurmaq istəyirik, gələcəyə nikbin baxmaq istəyən komandayıq və bəzi şeyləri təcrübədən keçiririk. Hər oyun siqnaldır. “Sabah” üçün də oyun çox vacib idi. Yaxşı ajiotaj yaratmışdılar, meydançaya azarkeşləri də cəlb edə bildilər. İndidən belə şeylərə hazırlıqlı olmalıyıq. Gələcəkdə avrokuboklarda olsaq, böyük atmosferlərə necə öyrəşəcəyik? Bunlar bizimçün faydadır. İndidən təcrübəni qazanmaq xeyrimizədir. Oyun baş məşqçi kimi mənim üçün də faydalı oldu. Baxdım ki, hansı futbolçular psixoloji baryeri aşa bilmir. Belə oyunçularla keyfiyyət bir yana, heç futbol oynamaq olmaz. Birinci hissədə hesaba uyğun oyun qurmağa çalışırdıq. Fasilədən sonra dəyişdik və rəqibi də üstələdik, onları əks-hücumlara məcbur etdik. Hər şey yaxşıdır, futbolçularımı da əzmkarlıqlarına görə təbrik edirəm. Uduzmağa gəlmədiyimizi göstərdik.

– Bugünkü fərdi səhvlərdən sonra son oyunöncəsi qorxunuz artmayıb?
– Nə olacaqsa, olacaq. Rahatam, komandamı da buna çağırıram. “Qəbələ”yə də uduzsaq, faciə olmayacaq. Avrokubok zonasında varıqsa, deməli yaxşı işlər görmüşük. Avrokuboklara gedə bilməsək, üzülməyəcəyik. Daha yaxşı olmaq üçün keyfiyyətli oyunçulara ehtiyac var.

– Rəhbərlik müzakirələriniz olubmu ki, qışda transferlərin olmamasının təsiri var?
– Artıq bu haqda danışmaqdan yoruldum. Rəhbərlikdən soruşun. Baş məşqçi kimi mənim komandamın avrokubok zonasında olmaq xoşdur. Heç nə itməyib, itsə də, çox məyus olmamağa çalışacağıq. Yaxşı işlər görmüşük. Oyunun qırılma anı Rövlan Muradovun zədələnməsi idi. İl ərzində eyni oyunçu ilə oynayırsansa, bunları nəzərə almalısan. Reallığı qəbul edir, təcrübə yığırıq. Daha yaxşısını etməyə çalışacağıq.

– Taleyiniz öz əlinizdədir?
– Xeyr, “Qəbələ”nin. Bizə məğlub olsalar, avrokuboklara gedəcəyik.

– Abu Dossonun oyununu qiymətləndirərdiniz…
– Sıfır.

– Son məğlubiyyətiniz “Sabah”a olmuşdu, sonra 7 məğlubiyyətsiz oyun keçdi. Bu gün yenə seriyanı “Sabah” qırdı…
– “Sabah”la 4 oyunun 1-ni biz udmuşduq. Oyundan öncə ajiotaj var idi. Təkrarlayıram, bunlar təcrübədir. Futbolçular psixoloji baryeri keçməli idi. Bəzilərində alındı, bəzilərində yox. Son iki oyunda “Sabah”dan geri qalmadıq. Bu da oyunumuzla əlaqədardır. Sabah mətbuat konfranslarında “Sabah”dan yaxşı idik eşitmək istəyirsizsə, yaxşı, keyfiyyətli oyunçular lazımdır. Oyunumuza güvənirik, ancaq keyfiyyət də lazımdır.

– İnqilab Məmmədovun idarəçiliyini necə dəyərləndirirsiniz?
– Həmişə mətbuat konfranslarında nə üçün bizi danışdırırsınız? Hakimlər nə etsin? Onlar da nəsə etməlidir. Üç oyunun ikisinə əcnəbi, birinə yerli VAR hakimi gəldi? Nə üçün Tovuza əcnəbi VAR hakimi getmədi? Hakimliyə görə uduzmadıq. Sadəcə bu referi məsələsini kənara qoyun, hər şey bəllidir.

Şahin Cəfərov