Samir Abasov: “Bəzi oyunçular yerini bilməlidir”

Azərbaycan Premyer Liqasının VII turunun “Sumqayıt” – “Zirə” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir. Artıq komandada bəzi addımların atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Futboldan kənar söhbətlərə başları qarışır. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Bu gedişlə növbəti iki oyunu da uduzmağa gedirik. Komandanı necə düzəldəcəyik… danışmaq da çətindir. Toparlanmalıyıq demək də çətindir. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil.

– Yeni transferlərlə bağlı nəsə etmək lazımdır?
– Xeyr. Komanda olaraq formada deyilik, balans yoxdur. Fikirləşirəm ki, bir komanda 3-4 nəfər yeni gələnlər oynayırsa, fiziki formadan uzaqdırlarsa, digərlərinə də təsir edəcək. Yəni, digər oyunçular məcburdur ki, çox qaçsın, güc sərf etsinlər. Komandada fiziki baxımdan disbalans var. Bu da yenilərlə deyil, köhnələrlə bağlıdır. Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb. Hansı söhbətlər olduğunu demirəm, özləri başa düşürlər. Gedişat pisdirsə, öz karyeraları üçün də pis ola bilər. Oynamayacaq, formadan düşəcəklər.

– Futbolçuların “şişməsi” nə ilə bağlıdır?
– Yaxşı mövsümdən sonra bəzi oyunçulara təkliflər gəldi. Sanki indi o havada qalıblar. Deyəsən, elə düşüncədədirlər ki, bura olmasa, gedəcək yerimiz var. Yəni, arxayınlıqları var. Çalışıram ki, loru dildə danışım, başa düşsünlər.

– Hansısa cərimə forması yoxdur?
– Belə şeylər etmək fikrimiz yoxdur. Həmin futbolçular öz formalarından həddindən artıq uzaqdırlar. Başqa səbəb tapa bilmirəm. İstəyi, arzunu görmürük. Getdikcə pisə doğru gedir. Belə davam edəcəksə, qarşısını kəsməliyik.

– Ötən ilin 7 turunda da uğursuz nəticələr var idi. İndi də eyni haldır. O vaxtki motivasiyanızdan indi nələr dəyişib?
– Məğlub olanda motivasiya da gedir. Bunlar normal haldır. Ümumi komanda şəklində enişdəyik. Bunu baş məşqçi qaldırmalıdır, anlayıram. Ancaq səbəblər var. Motivasiyanın enişində səbəb uğursuz nəticələrdir. Mən tərəfdən nələrsə dəyişməyib. İşləyirik, qələbə istəyirik və olacaq da, sadəcə düşdüyümüz vəziyyətin səbəblərini axtarırıq. Motivasiya baxımından məndə eniş görürsünüzsə, bəlkə, elədir. Amma problem olduğunu düşünmürəm.

– Rəhim Sadıxov sanki komandada balansı pozur. Ancaq sona qədər meydanda qalır. Məcburiyyətdən edirsiniz, ya necə?
– Hər futbolçuya şans vermək lazımdır. Bu gün Rəhim bizə kömək etmir. Əksinə, ötən mövsüm oynadığımız oyunu pozur. Ancaq çalışıram ki, digər oyunçuları da başa düşüm. Heç bir futbolçunun sonsuz limiti yoxdur. Matçdan sonra paltardəyişmə otağına artıq növbəti görüşün heyətini qururduq. Bu gün meydana çıxan Georgi 3-4 gün əvvəl komandaya gəlib. Fiziki durumu imkan vermir ki, əsas heyətə buraxaq. Ancaq artıq məcburam ki, onları oyuna salmaqla formaya salım. Bu vəziyyət də digər futbolçulara da təsir edir.

– İkinci hissədə hücumameyilli oyunçular daha çox meydana çıxdı. Növbəti matçda belə olacaq?
– Gələn oyunları artıq nəticə kimi düşünməli deyilik.

– Növbəti rəqib “Neftçi” də enişdədir. Komandanızın yenidənqurulmasına bu ağır səfər görüşündə getmək riskli deyil?
– Artıq özümüzü, komandanı fikirləşməliyik. Fikirləşməliyik ki, bu uşaqlardan bir optimal heyət quraq. Bəzi oyunçular oynamaqla formaya düşməlidir. Artıq düşünürəm ki, bəzi futbolçular yerini bilməlidir.

– “Neftçi”yə keçmək ehtimalınız var?
– Yox.

Şahin Cəfərov