Samir Abasov: “Artıq öz oyunumuzdan qorxuram”

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Sumqayıt” – “Səbail” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Futbolçularımı təbrik edirəm. Həftəiçində oyunçular, mətbuat xidməti canfəşanlıq yaradırdı ki, azarkeşlər stadiona gəlsin. Bu gün gözəl dəstək var idi və onları da sevindirə bildik. Dostlarımız, komandamızın yanında olan Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Murad Arif və digər sumqayıtlılar çağırışda idi. Biz təkik? Xeyr, dostlarımız var. Bizə heç kim dəyə bilməz. Oyuna gəlincə, çox danışmaq istəmirəm. Bu gün həddindən artıq yüklənmə var. Futbolçularım psixoloji gərginlik yaşayır. Bu, yaxşı deyil. Futbolçu udmaq, Avropada olmaq istəyir. Onların qarşısını almaq istəmirik. Oyun haqda çox danışmayacam, futbolçulara təşəkkür edirəm, ağır oyundan çıxdıq.

– Şahin Diniyev dedi ki, “Səbail” sizdən daha yaxşı oynadı. Bunu necə şərh edərdiniz?
– Dördüncü mətbuat konfransıdır ki, “Səbail”ə qarşı eyni suallar verilir və biz qələbə qazanırıq. Şahin müəllim mənim məşqçim olub. Belə görübsə, haqq qazandırıram, deməli yaxşı oynayıblar.

– Kənarda çox sakit görünürdüz. Bu, uşaqları təzyiqə salmamaq istəyindən irəli gəldi?
– Bəli, düşündüm ki, indi kənardan coşmaq, qışqırmaq vaxtı deyil. Birdən uşaqlar bunun altından çıxa bilməz. Özüm də istəmədən özümü cilovlamışam.

– İkinci yeri tutmaqçün sizə nə mane ola bilər?
– Bilmirəm… Məni qorxudan təzyiqdir. Hər oyun fikirləşirəm ki, təzyiqi adladıq, ancaq yenə hiss olunur. Çünki biz qol buraxsaq, nələr baş verə bilər deyə düşünürəm. Təzyiqin altından çıxmaq baxımından futbolçular təcrübəsizdir. Ola bilsin, belə güclü təzyiqə düşməyiblər. Bu, bizə mane ola bilər.

– İkinci yeri tutsanız “Neftçi”dəki çempionluqdan sonrakı ən böyük uğurunuz olar?
– Bəli, saymaq olar. Lakin bu komanda olmasaydı, bunları edə bilməzdim.

– Növbəti turda “Sabah”la qarşılaşacaqsız. Heç-heçə olacağı halda, avrokubok zonasında qalacaqsınız. Mövsümün son oyunu “Qəbələ” ilə olacaq. Bu komanda bu gün “Sabah”ı, ondan əvvəl “Səbail”i məğlub edib…
– Bir neçə ay əvvəl sual versəydiniz, deyərdim, heç nədən qorxmuruq. İndi qorxuram. Niyə? Çünki “Sabah”ı böyütmək, özümüzü kiçiltmək istəmirəm. Amma indi futbolçuların başlarında nə baş verir, qorxuram. Demək olar, artıq oyunumuzdan qopmuşuq. Bu iki matçı da keçə bilsək, yaxşı olacaq. Bütün bunlar faydadır. Açığı, artıq öz oyunumuzdan qorxuram.

– Heyətlə bağlı müxtəlif dəyişikliklər edirsiniz, gənclər şans qazanır… Ancaq hamı düşünür ki, “Sumqayıt”ı “dartırlar”…
– Nə olur olsun, belə şeylərə baş qoymuram. Çünki insan işini görəndə yaxşı olur. Belə şeylərə fikir vermirəm.

Şahin Cəfərov