“Şamaxı” Premyer Liqanın VI turunu qələbə ilə başa vurdu. Ayxan Abbasovun komandası azarkeşləri önündə “Sumqayıt”ı əliboş yola saldı.
Görüşün taleyini bir qol həll etdi. Meydan sahiblərinin yarımmüdafiəçisi Giorgi Kantariyanın vurduğu erkən qol (2-ci dəqiqədə) qələbə üçün kifayət etdi.
“Sumqayıt” ardıcıl üçüncü oyunda xalsız qalıb. Samir Abasovun yetirmələri oyunboyu bir neçə dəfə qol epizodu yaratmağa çalışsa da, cəhdlər uğursuz alınırdı. Komandada eniş var, aşkardır. Məğlubiyyətlər bundan xəbər verir, ancaq başqa məsələ də sezilir…
“Sumqayıt” oyunçularında özünəinam yox dərəcəsindədir. Yaxşı imkan yaratmaq fürsəti olan “kimyaçılar” bəzən ani qərarlarla irəli yox, arxaya oynamağa çalışır. Komandanın əsas qol ümidi Rəhim Sadıxov qərar verməkdə gecikir, forvard Nikola Vuynoviç sanki qol vurmaq istəmir, demək olar, ayağına düşən hər topu öürməyə çalışır, sanki məndən keçsin deyərək…
Şamaxı şəhər stadionunda “Sumqayıt” adına ilklərdən biri yaşandı. Uğursuz nəticələrdən təngə gələn fanatlar narazılıq bildirirdi, özü də sərt şəkildə – qışqırıq, təhqir və s… Bu, “Sumqayıt” üçün yad görüntülər idi. Çünki demək olar, Sumqayıtda baş tutan bütün görüşlərdə nəticədən asılı olmayaraq, həmişə komanda dəstəklənirdi. İndi onlar da dilə gəlib…
“Şamaxı” yaxşı yoldadı, Ayxan Abbasov qısa zamanda keyfiyyətli komanda qura bilib və bu kollektiv çempionatda istənilən rəqibi büdrətmək potensialındadır. “Sumqayıt” isə çıxılmaz vəziyyətə düşüb sanki, nə oyun var, nə mübarizə, nə nəticə.
Şahin Cəfərov