“Şamaxı” “Keşlə” kimi idarə oluna bilməz” (MÜSAHİBƏ)

FutbolPressMedianın İnkişafı Agentliyinin layihəsi

Futbolpress.az MEDİA-nın onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsində idmanın irqçilik və narkomaniya ilə mübarizədə rolu, ölkəmizdə dərin ənənələri olan şahmat, uşaq futbolundakı mövcud durum, bədən tərbiyəsi və idmanla bağlı dövlət siyasəti barədə araşdırma yazıları təqdim etdi. Bu mövzuların davamı mütləq olacaq…

Hazırda aktuallığını, eyni zamanda bu məsələnin ölkədə gənclərin idmana cəlbi, regionlarda idmanın inkişafı siyasətinə uyğunluğunu nəzərə alaraq, “Keşlə”nin ad dəyişikliyi ilə Şamaxıya köçürülməsinin bölgə futboluna, ümumən idmanına və sosial həyatına təsirləri və s. predmetlər əsasında araşdırmalarımızı da davam etdiririk. Ötən yazıda Şamaxıda futbol ənənələri, tarixini araşdırmışdıq. Bu dəfə mövzu ətrafında Azərbaycan futbolunun Şamaxıdan olan tanınmış nümayəndəsi, sabiq FIFA referisi, futbol idarəçiliyində ciddi uğurlar əldə etmiş, ilk dəfə avrokubokda qrup mərhələsində oynamış “Neftçi”də vitse-prezident postu kimi önəmli vəzifəni icra etmiş Tahir Süleymanovla söhbətləşdik… (II HİSSƏ: əvvəli burada)

– Deyək ki, “Keşlə” birdəfəlik Şamaxıda məskunlaşdı. Ancaq tarixi bəllidir, Bakıda yaranıb, uzun illər paytaxtı təmsil edib. Yerli psixologiyaya yaxından bələd biri kimi fikirləriniz önəmlidir: necə etmək lazımdır ki, şamaxılılar qısa müddət ərzində klubu mənimsəsinlər?
– İdman/futbol öz yerində, Şamaxı min illərlə tarixi olan qədim elm-mədəniyyət ocağıdır. Mənəvi tellər mühüm rol oynayır. İslam dünyasının ən qədim məscidlərindən biri – Cümə məscidi Şamaxıda yerləşir. Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə, Abbas Səhhət, Məhəmməd Hadi və adlarını çəkmədiyim onlarla dahilər, istedadlar yetişib qədim diyarda. Şamaxılılarla ünsiyyət qurmaq, yola getmək həm asandır, həm də çətin. Səmimiyyət, səviyyə, mərdlik, niyyət rahatlığı olan yerdə münasibətlər doğmalaşır. Ziyalılıq Şamaxının qanında, ruhundadır. Komanda meydanda sona qədər mübarizə aparmaqla yanaşı, klubda olanlar bu amillərə önəm verməlidirlər.
Klub uzun müddətdir müxtəlif adlarla ölkə futbolunda təmsil olunur. Komandanın üzərində yaradıcısı olan Hamlet İsaxanlı ziyalı ruhu var, bu ruh, universitet aliliyi qorunub saxlanılmalıdır. Komandanın tarixi avrokubokları da görüb, çempionluq da yaşayıb, kubok da qazanıb. Azərbaycan şərtlərinə uyğun “İnter” dönəmində fantastik maliyyə də olub, hazırda AFFA xətti ilə dövlət strukturları tərəfindən maliyyələşir. Bunun davamı gətirilməlidir. Şamaxı qonaqpərvər məkandır, azarkeşlər komandanı yüksək səviyyədə qarşılayacaqlar. Əsas, komanda tərəfindən də eyni münasibət göstərilməlidir.

– Şamaxı Bakıya yaxın olsa belə, hər halda regiondur. Bu köçün gələcəkdə ümumən bölgələrdə futbola faydalı olması üçün nələr etmək olar?
– Tək məsafə yox, hərtərəfli yaxınlıq var. Vaxtilə Bakı paytaxta yaxın idi, indi Şamaxı paytaxta yaxındır. Bakının mərkəzindəki tarixi Şirvanşahlar kompleksi, bu yaxınlığı daha da doğmalaşdırır. Bu baxımdan “Keşlə”nin “Şamaxı”ya adaptasiyası rahat olmalıdır, bir paytaxtdan digər, daha qədim paytaxta köçür. Region futboluna faydalılıq baxımından eyforiya olmamalıdır. Söhbətimizin girişində qeyd etdiyim kimi, futbola kompleks yanaşma olmalı, yaxın keçmişdə klubların payızın yarpaq tökümü kimi dağılması unudulmamalıdır. Şamaxıda 2 200 yerlik stadion yenidən qurulub. Lənkəranda 18 000 yerlik, İmişlidə 10.000 tutumlu, Yevlaxda, Zaqatalada inşa edilmiş müasir stadionlar böyük futbolsuz qalıb. Ümumi futbol və klub idarəçiliyində dönüş yaradılmalıdır, əgər ölkədə əsl futbol dirçəlişi istənilirsə.

– İdarəçilikdə dönüş edilməsi… Bu məsələ də çox müzakirə olunur. Ölkə futboluna daxildən bələd biri kimi necə düşünürsüz, “Şamaxı”laşma “Keşlə”də idarəçilik dəyişikliklərinə də səbəb olacaqmı?
– Müxtəlif mülahizələr ola bilər. Görünən odur ki, klub rəhbərliyinin önə çıxmaması mediada, futbol ictimaiyyəti arasında fərqli müzakirələrə səbəb olur. Qərar qəbul edilib, Şamaxıda futbol adına ciddi işlər görülməlidir. İstənilən halda klub artıq “Keşlə” kimi idarə oluna bilməz. Rəhbərlik, məşqçi, futbolçu  heyəti bu proseslərə hazırdımı – zaman göstərəcək.

– Bir çox azarkeşlər düşünür ki, Bakıdan klubu bölgəyə daşımağın mənası yoxdur, daha yaxşısı regionlarda mövcud olanların dirçəldilməsi/bərpa edilməsidir…
– Azarkeşlərin sözündə böyük həqiqət var. Bunun kökündə ilk növbədə futbolun sabahına olan inamsızlıq dayanır. Bakının futbol yükünü azaltmaq lazımdır, bu, bəllidir. Önəmlisi isə bölgələrimizdə dağılmış köklü klublar bərpa edilməlidir. Bunun üçün həm futbola münasibət dəyişməli, həm də geniş futbol ictimaiyyətinin iştirakı, məsləhətləri, müzakirələri ilə futbola dair ikinci dövlət proqramı qəbul edilməlidir. Səhvlərdən nəticə çıxarıb futbolun planlı şəkildə dirçəlişi təmin edilməlidir.

– Geniş futbol ictimaiyyətinin iştirakının vacibliyini qeyd etdiniz. Maraqlıdır, Şamaxı futbolunun tanınmış nümayəndəsi, ölkə futbolunda ciddi idarəçilik uğurları olan Tahir Süleymanovdan bu köç, prosesin davamı barədə fikir öyrənilibmi?
– Öyrənilsəydi nə “Keşlə”nin “Şamaxı”ya çevrilməsi bu qədər müzakirələrə səbəb olardı, nə də klub ətrafında son günlər baş verən söz-söhbətlər yaranardı. Futbol nə qədər tənəzzülə uğrasa da, peşəkar futbol idarəçiliyinin öz tələbləri var. Həvəskar təfəkkürlə peşəkar futbol idarə oluna bilməz.

– Bu mövzuda hansı ideya və təklifləriniz var?
– Futbola tək bir klub prizmasından baxılmamalıdır. “Şamaxı” ətraf, yaxın rayonları  özündə birləşdirən layihəyə çevrilməlidir. Komandanın iddiasını qorumaq şərti ilə, hər rayondan 1-2 istedadlı futbolçu çıxsa, bu, istər kluba, istərsə ölkə futboluna böyük töhfə olar.

– İllərdir idarəçiliyindəki nöqsanlara görə tənqidlərə məruz qalan bir klubda aydın məsələdir ki, təkcə ad dəyişikliyi daha peşəkarlaşma üçün kifayət etməyəcək, inkişafına səbəb olmayacaq. “Şamaxı”nın həqiqətən Azərbaycan futbolu üçün faydalı olması istiqamətində hansı addımların atılması vacibdir?
– Klub yayda/qışda bir partiya legioner alır, sonra göndərir. Proses hər altı aydan bir təkrarlanır. Bu tək “Keşlə”yə aid deyil, bəzi klublarda da eyni addım atılır. “Şamaxı”nı Azərbaycan futboluna faydalı etmək üçün hazırkı klub strategiyası tam olaraq dəyişməlidir.

– “Keşlə” yalnız əsas komanda deyil, bütün akademiya “Şamaxı”laşmalıdır. Bölgənin gələcək futbol perspektivini necə görürsüz? Yaxın gələcəkdə güləşçilərinə bab futbolçular üzə çıxacaqmı ordan?
– Son proseslər onu göstərir ki, bu günkü “Keşlə” psixoloji olaraq Şamaxıya köçməyə tam hazır deyil. Niyyət bölgə futbolunun dirçəlməsidirsə, ciddi addımlar atılmalıdır. Regionda futbol potensialı yüksəkdir. Yetər ki, peşəkarlığa söykənən doğru-dürüst işlər görülsün. Belə yanaşma olarsa, güləşçilərimiz kimi Şamaxı futbolçuları da yetişər.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.