I Liqada çempion müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “Şamaxı” tarixində ilk dəfə aşağı dəstənin qalibi olub. Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda sonuncu – XXVII turda qızıl medalı rəsmiləşdirib. Şamaxının eyniadlı təmsilçisi evdə “Araz Saatlı”ya qalib gəlib – 3:1. Bununla da xal hesabını 57-yə çatdıran bölgə təmsilçisi 1-ci yeri tutub.
“Şamaxı” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada çempionluq yaşayan 26-cı komandadır. Onlardan 5-i – “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” iki, digər 21-i hərəyə 1 dəfə çempion olub. 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib. Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.