Salam, kubok!

“Qarabağ”

Finallar, kuboklar – çox böyük təcrübə və ən müfəssəl sistem. Ölkə futbolu üçün hələ uzun illər nail olunmayacaq avrokuboklar performansı. Eyni zamanda ən yaxşı yerli baş məşqçinin “drujinası”…
Datası hər detalıyla kubokun budəfəki qalibi olacağını deyirdi. Amma futbol, “sən saydığını say, gör mən nə sayacam” məntiqini ən çox sevən sahələrdən biridir…

“Sabah”

2018-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edir və ilk ilindən imkanlı/iddialı imicində olub. Lakin hələ nə çempionluq yaşamışdı, nə ölkə kubokunu qazana bilmişdi.

Amma hər il əvvəlki nəticəni az da olsa yaxşılaşdıran, tədricən böyüyən, müdrikləşən bir komanda, daha çox isə klub kimi diqqət çəkib. APL-də ümidlər doğrultmadığı, tutulan yer (6) tənqidlərə tuş gətirdiyi üçün bu finalda qalib gəlmək alışdırıb-yandırırdı.

Hakimlik

İnqilab Məmmədov həm Qurban Qurbanovun təbirincə, həm normal şablonla təcrübəli hakimlərdəndir. Oyunu pis idarə etdi. Hər iki tərəfə -/+ qərarları oldu (Yəqin tərəflər detalları açıqlayar) və düşünürəm ki, uğursuz idarəçiliyinə görə məğlub tərəf mütləq onu qınayacaqdı. Elə də oldu. Finalın hakimliyi haqda daha bir mənfi məqam AFFA Hakimlər Komitəsinin adına yazılmalıdır. Normal praktikada yarımfinal oyununu idarə etmiş hakim finala təyin edilmir. Yarımfinalda fit çalmış (red – “Sabah” – “Neftçi” oyunu) İnqilabı finala təyin etməyin hansı məntiqə sığdığını bilmədik.

Yeni qalib

Dramatik gedişatın qalibi “Sabah” oldu. İlk dəfə ölkə kubokunu qazanan “futuristlər” gələcəyə ən böyük yatırımı etdi. Klub kimi püxtələşmək və daha böyük hədəflərə yönəlmək üçün qazanılan bu ilk titul mental anlamda əvəzolunmaz rol oynayacaq. “Qarabağ” isə böyükdür, nəhəng təcrübədir, lakin unutmamalıdır ki, bu il ən intizamsız il oldu. Niyə belə oldu – işartıları hamımızdan yaxşı Qurbanov və klub rəhbərliyi görər. Məsələn, Benzia niyə belə anti-qəhrəmanlığa cəhd edir? Və s.

Pozitiv Skriptum

“Sabah” bunadək olan avrokubok təcrübəsindən faydalanıb yəqin. Məsələn, ötən il “Makkabi” kimi ciddi, ağır rəqibi sıradan çıxarıb, sonra yarıhəvəskar komandaya məğlub olmaq kimi radikal eniş-yoxuşlardan sığortalanmağın yolları tapılıb yəqin… “Qarabağ” isə bizim absurd avrokubok kaprizlərimizin banisidir. Kapriz ordusu həmişə ayaqdadır, o öz yerində, gərək “atlılar” da heyətdəki mənəvi/maddi və s. disbalansa əl gəzdirə… daha sonra heyəti bir az da gücləndirə.

Elçin Cəlilov