Şahin Diniyev: “İstədiyim futbolu ala bildim”

Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim. Qollarda və hücum quruluşunda komanda yaxşı göründü. Sona qədər ritmi saxlaya bildik. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. 11 oyunçudan 10-u yenidir. Bu gün oyunumuz alındı. “Kəpəz”ə uğurlar arzu edirəm. Yeni heyətləri var və liqada qalmaq uğrunda mübarizə apara bilərlər. Hesab bizi aldatmasın. Qələbə asan olmadı. İndi bu matçı unutmalıyıq və növbəti görüşə köklənməliyik.

– Qələbə 4-cü oyunda gəldi. 3-cü, yoxsa 4-cü qolda çətinlik çəkdiniz?
– 2-cidən sonra. Çünki qol buraxsaq, məyusluq yarana və daha birini buraxa bilərdik. Demək olar, 3-cü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdim.

– Sizinçün “Qarabağ”ın, yoxsa “Zirə”nin məğlubiyyəti gözlənilməz oldu?
– “Qarabağ” oynayıb, məğlub oldu. Əslində, hesab 3:0 onların xeyrinə ola bilərdi. Səfərdə olsalar da, hücumda yaxşı çıxış edirdilər. “Qarabağ” öz futbolunu oynadı. Hər iki komandamıza görə məyus oldum. “Zirə”nin oyunu isə alınmadı. Bu komanda həqiqətən bu il çox artırıb. Sanki nəsə olmuşdu, bilmirəm. “Zirə” öz səviyyəsindən aşağı çıxış etdi. Onlar bu hesaba layiq deyildilər. “Qarabağ”ın nəticəsi oyuna görə olmadı. Amma onlara ümid çoxdur.

– Növbəti rəqibiniz Kurban Berdıyevin “Turan Tovuz”u olacaq. Onlar sabah “Qarabağ”la qarşılaşacaq. İlk məğlubiyyətləri bu komandadan olacaq, ya sizdən?
– Berdıyevlə tanışlığımız var idi. O, yaxşı və səviyyəli məşqçidir. Sabah “Qarabağ” kağız üzərində favoritdir. Amma hansı heyətlə meydana çıxacaqlarını bilmirəm. Heç bir komandanın məğlubiyyətini istəmirəm. Azarkeşlik etdiyim bir komanda var, o da “Səbail”. “Qarabağ” və “Turan Tovuz”a uğurlar arzu edirəm. “Çelsi” ilə “Barselona” oynayanda “Çelsi” müdafiədən oynayıb, qələbə qazandı. “Barselona” nə qədər çalışsa da, alınmadı. Futbol proqnozu sevmir.

– Transferlər olacaq?
– Demək olar, bitirmişik. Yəqin, qışa qədər transfer olmayacaq. Rotasiyalar üçün heyətimiz var. Komandada Madi Qeta, Süleyman Alluş, David Qomis kimi oyunçularımız var. Əsas olan sistemin itməməsidir.

Şahin Cəfərov