– Gərgin oyun oldu. Komandamız məğlub olmaq istəmirdi. Meydanın hər qarışı uğrunda vuruşduq. Pedro Nunonun olmaması bizə hücumda problem yaratdı. Buna baxmayaraq komanda xarakter göstərdi. Sona qədər vuruşduq. “Zirə”ni təbrik edirəm. Avropa Liqasında Azərbaycanı təmsil edəcək. Onlara uğurlar arzu edirəm. Düşünürəm ki, yaxşı komandadır və Azərbaycan adına Avropada yaxşı nəticə göstərəcək. Nə sualınız varsa, düzünü məndən eşidin. Sarı mətbuatdan yox. Neçə ildir futboldayam, kimin necə nəfəs almasını belə bilirəm. Kimsə sifarişə yazır. Kimsə inci düşüb… Jurnalistlərə böyük hörmətim var. Əfsuslar olsun sizin də içinizdəki bəzi yazarlar jurnalistikaya ləkədir.
– Mətbuatda yazılmışdı ki, “Səbail”in qalib gəlməsi üçün pul təklif olunub…
– Bunu birinci dəfədir eşidirəm. Allaha and olsun ki, belə şey yoxdur. Başqa Firuz və Rauf müəllim olmaqla biz olan yerdə belə söhbət olmayıb.
– Çempionata rəng qatdınız. Buna görə təşəkkür edirəm. Mətbuat konfransına niyə gecikdiniz?
– “Səbail” oyun baxımından heç kimə uduzmadı. 8-9 ayın komandasıyıq, stabillik olması üçün heyətin bir-birinə uyğunlaşması lazımdır. Mövsümün gedişində ikinci yerdə də olduq. Yaxşı futbol oynadıq. 65 qol vurduq. Belə kollektivimizin olması üçün şadam. Rəqabətə rəng qatdıq. Komandanın sponsoru Rauf müəllim soyunub-geyinmə otağına gəldi və onu orada qoyub çıxmaq düzgün deyildi. Futbolçularla danışdı.
– Bu gün 6 sarı və 1 qırmızı vərəqə aldı oyunçularınız. Bu nizam-intizamın aşağı olması ilə bağlıdır, ya hakimlərin səhvləri ilə?
– İstəmirəm bu məsələyə toxunam. Hakimliyə də təşəkkür düşür. Major notlarda çempionatı bitirmək istəyirəm. Amma oyun başlayanda sarı vərəqə vermək düzgün deyil.
– İlk hissədə 4 sarı vərəqənin göstərilməsində hakimin məqsədi nə ola bilər?
– Kiməsə şər atmaq istəmirəm. Futbol dilində danışıram. Oyunda ən aqressiv müdafiəçilər olur. 9-cu dəqiqədə 2 “sarı” olduqdan sonra oyunçular mübarizədən çəkinirdilər. Mübarizlik bundan sonra itdi. Oyunun sınma nöqtəsi o oldu.
– Gələcəyiniz haqda plan nədir?
– Komandada hər kəsin işi sonda müzakirə olunur. Ötən il 9-cu yeri tutmuşduq. Bu il 10-cu olsaydıq, uğursuz adlandırmaq olardı. Lakin 9-cu yerdən 7-ci yerə yüksələrik. Gələn il 8-ci olsam, yenə uğursuz sayılacaq. Neçə ildir futboldayam, hər dəfə özüm istefa vermişəm. Deyirlər 3 il futbolda vaxt lazımdır. Qərar rəhbərliyindir. Bütün işimi vicdanla görmüşəm. Sona qədər mübarizə apardıq. İşlərinə yüksək səviyyədə yanaşdılar. Klubun idarə heyətinin iclası olacaq. Orada nə qərar verəcəklərsə, o olacaq. Hər bir qərara hörmətlə yanaşacam.
– Komandanın büdcəsi ilə turnir cədvəlinizdəki yer tərs mütənasibdir…
– Mən bunu deməməliyəm, amma deyəcəm. İnanın ki, ötən ilki büdcə ilə bu ilin büdcəsi eynidir. Büdcəni elə yazırlar ki… 20 % vərgiyə görə büdcədə artım olub, bir də qazanılan qələbələrə görə verilən bonuslardan.. Udmuşuq da, nə edək? Günahdır? Bu gün komandamızda 5-6 min alan legionerlər var. Büdcədən şikayət etmirəm. Hər şey hissə-hissə olmalıdır. Biz artıq klubuq. Bir yol seçmişik.