Azərbaycan Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Deyiləsi söz yoxdur. Bəsit qollar buraxdıq. Rəqibin legionerləri keyfiyyət baxımından bizdən üstün idi. Rəqibi təbrik edirəm.
– Gedişatın sonu hara gedir?
– İsti-isti düşünməyə vaxtımız yoxdu. Məğlubiyyətdən sonra getmək də düzgün deyil. Neçə oyundur, qələbə qazanmırıq. Mənə maraqlı olan budur. Gələcəyə baxmalıyıq, komanda futbol oynamağı bacarır. Faciəvi bir şey yoxdur. Düzəlməliyik.
– Bu yolunuz doğrudur?
– Gələcəyə pis baxmırıq. Ümid sonda ölür. Komanda futbol oynaya bilir, ancaq nəticə yoxdur. Çox arqumentlər gətirə bilərsiniz, haqlısınız. Amma hələ tezdir, mövsüm uzundur. İndi nə desəm, nəyisə siğortalamayacam. Təcrübəm var və bu oyunla belə az xal yığmağımızı başa düşmürəm.
– Çempionatda ən çox qol buraxan komandalardansınız. Müdafiədə nə baş verir?
– Cavabım sizi qane etməyək. Autdan qol buraxırıq. Bu, olar? Tək bu oyun deyil, ötən matçda da səhvlərdən qol buraxırıq. Rəqib topu cərimə meydançasına atanda artıq qolun iyi gəlir.
– Qollar təsadüfdür, ya nəsə şübhə var? Buraxılan qollar demək olar, eynidir.
– Heç vaxt komandama qarşı şübhəylə yanaşmaram. Samballı cavab verə bilmirəm, cavabım yoxdur. Bir nöqtədən bu qədər qol buraxmaq olmaz. Məsuliyyəti mən daşıyıram, deməli, nəyisə düz etmirəm. Özümü düz çıxarmaq üçün çox şey deyə bilərəm, amma demirəm. Səhvlər mənimdir.
Şahin Cəfərov