Sağlam bədəndə sağlam ruh: Narkomaniyaya qarşı mübarizədə idmanın rolu (III hissə)

FutbolPressMedianın İnkişafı Agentliyinin layihəsi

VIII YAZI

Dövrümüzdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Faciəvi nəticələrə səbəb olan bu bəla təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurur.

Bir neçə il əvvəl pis vərdişlərə qurşanan yaşı 25-30-dan çox olan gənc oğlanlar idisə, artıq bu yaş daha da gəncləşmiş, eyni zamanda zərif cinsin nümayəndələri – xanımlar arasında da artmaqdadır.

Öncəki yazılarımızda narkomaniya ilə mübarizədə idmanın oynadığı və oynaya biləcəyi rola geniş toxunmuşuq. Bu dəfə problemə daha lokal müstəvidə yanaşdıq, paytaxtdan kənarda – qonşu Sumqayıtda vəziyyətin necə olduğuna nəzər yetirdik…

Sumqayıt: İdman, yoxsa narkomaniya?

Narkomaniyanın bəlaya çevrildiyi bölgələrdən biri də Sumqayıtdır. Adətən idman ənənələri ilə tanınan, Azərbaycan idmanına böyük adlar bəxş etmiş “gənclik şəhəri” narkomaniya qayğılarından da xali deyil.

Şəhərdə narkomaniya ilə mübarizə istiqamətində hüquq-mühafizə orqanları mütəmadi çalışır, bu bəlanın qarşısını almaq üçün müəyyən seminarlar keçirilir, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün müəyyən proqramlar təşkil olunur.

Nə qədər dövlət proqramları, layihələr tətbiq edilsə də, pis vərdişlərə aludəçilik həm də fərdi mübarizəylə dəf edilməlidir. Cəmiyyətin də bu anlamda məlumatlı və tədbirli olması böyük əhəmiyyət daşıyır. Zərərli vərdişlərdən uzaq olmağın ən effektiv yollarından biri də idman məşğuliyyətidir. Dövlətin həssas yanaşdığı istiqamətlərdən bir də məhz budur və Azərbaycanın idman ölkəsi devizi ilə yürütdüyü sosial siyasət bəhs edilən mühüm siyasətin əhəmiyyətini özündə ehtiva edir.

İdmanıyla, aktiv gəncliyi ilə öncüllərdən olan Sumqayıtda gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq üçün hansı tədbirlər görülməlidir? Bununla bağlı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalovla danışdıq. Maqalov qlobal problemə çevrilən narkomaniya ilə mübarizənin üsullarından danışdı:

“Ümumiyyətlə, insanlar niyə narkomaniyaya qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə ilk dəfə istifadə edib? Təəssüf ki, bu suallarla bağlı dərin sosioloji tədqiqat yoxdur.

Mifoloji fikirlərdən biri də odur ki, insanlar idmanla məşğul olanda narkomaniya riski azalır. Bəli, idmanı haradasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Düşünürəm ki,  idman siyasətinin konsepsiyasında bu istiqamətə yönəlik korrektələr etmək olar. İdmanla intellektual səviyyənin inkişafı bir olmalıdır. Məsələn, sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları sosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, narkotik istifadəçilərinin çoxunun savadı azdır. Bunları araşdırıb, təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır. Narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə, gördüyümüz kimi, müsbət nəticə, effekt gözlənilən qədər olmur. Yəni bu cür tədbirlərə risk qrupunda olan insanlar dəvət olunmur. Bizə lazımdır ki, dediklərimizi “tində duranlar”, risk qrupunda olanlar eşitsin. Lakin biz həmişə tədbirlərə öndər gəncləri dəvət edirik, hansı ki, bəlkə 100 dəfə bu haqda eşidiblər. Onlara artıq bu maraqlı deyil və məsələni bəlkə bizdən də yaxşı bilirlər. Daha bir məsələ, narkomanlarla yox, məhz narkotacirlərlə əlaqəli bütün cəzalar daha da radikal mahiyyət almalıdır”.

Emil Maqalov narkomaniya ilə mübarizənin yavaş getməsi, bu məsələdə əsas problemin yüksək keyfiyyətli müalicə müəssisələrinin olmaması ilə əlaqələndirib:

“Azərbaycanda yetərincə yüksək keyfiyyətli müalicə müəssisələri varmı?” sualınıza gəldikdə isə deyə bilərik ki, dispanserlər, mərkəzlərin çoxu Bakıda cəmlənib. Regionlarda da belə təşəbbüslərin artması arzulanandır. Burada çox böyük zəncirvari subyektiv problemlər var. Stasionar yerlərin daha geniş coğrafiyanı əhatə etməsi üçün yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatlarının təşəbbüsləri artmalıdır. Mübarizədə effektiv olan dərmanlar əlçatan deyil. Bu da mütləq şəkildə müalicəyə mane olur. Beləliklə, qeyd etdiyim kimi, əksər stasionar yerlər Bakıda cəmləşdiyi üçün regionlarda olan narkotik istifadəçiləri paytaxta müalicəyə gələ bilmir. Təklif edirəm ki, bu bəlanın qarşısını almaq üçün ilk növbədə düzgün, lazımi anti-təbliğat işləri aparılsın və bu haqda mütləq şəkildə rayonlarda narkodispanserlər və əsasən dövlətin reabilitasiya mərkəzləri tikilsin. Yəni bunun yolu budur. İndi də cəmiyyət narkotik istifadəçisi müalicə olunub, normal həyata qayıtmaq istəyəndə onu qəbul etmək istəmir: “Niyə etmir, bu da aydındır. Əgər şəxs narkotik istifadəçisidirsə, deməli, ”cinayətkardır”, deməli problemlidir, lazımsız bir insandır.

Əlbəttə ki, narkomaniyadan müalicə alanların demək olar ki, 50 faizi yenidən narkotikə qurşanır. Buna görə də cəmiyyət onlara etibar etmək istəmir. Bu zaman da onlar yenidən öz “kruquna” qoşulur, cəmiyyətdən özünü təcrid edir”.

“Sumqayıt Narkomaniyaya “Yox” Deyir”

Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilir. Eyni zamanda, gənclərin bu vərdişdən uzaq durması üçün təbliğat xarakterli müxtəlif görüşlər təşkil olunur.

Sumqayıt Gənclər və İdman Baş İdarəsi və şəhər Narkoloji Dispanserinin birgə təşkilatçılığı ilə ötən il ərzində bir neçə dəfə “Sumqayıt Narkomaniyaya “Yox” deyir” şüarı altında ümumtəhsil müəssisələrində maarifləndirici xarakterli görüşlər keçirilib. Tədbirlər zamanı gənclərə narkomaniyanın zərərlərindən bəhs edilir, bu haqda videoroliklər nümayiş etdirilir. Tədbirlərin məqsədi məktəbliləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı bilikləndirmək və bu sahədə davranışlarını təkmilləşdirməkdir. Bundan başqa, bu şüar altında 2021-ci ilin dekabrında Sumqayıt Dövlət Rəsm Qalereyasında eyniadlı rəsm sərgisi keçirilib. Sərgidə rəssamlar öz əsərləri ilə narkomaniyanın törətdiyi fəsadları nümayiş etdirərək, gəncləri bəşəriyyət üçün ən böyük bəladan uzaq olmağa səsləyiblər.

Təbliğat işlərində aktiv rol oynayan şəhər Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və İdman Sektorunun müdiri Vahid Abdullayevlə danışdıq. O, keçirdikləri və planlaşdırdıqları tədbirlər barədə bunları söylədi:

“Biz idmançıların maaarifləndirilməsi işləri aparırıq. Təhsil Nazirliyi, İdman Könüllüləri Cəmiyyəti və bizim təşkilatçılığımız ilə “Çempionumuz” adlı layihəmiz var. Burada şagirdlərlə görüşlər keçirilir, onların pis vərdişlərdən uzaqlaşdırılması üçün müəyyən işlər görülür. Keçirilən tədbirlərə gəncləri, idmançıları, polis əməkdaşlarını, Narkoloji Dispanserin həkimlərini dəvət edirik. Görüşlərdə müəyyən videoroliklər nümayiş etdirilir. İşlərimiz bu səpkidə gedir”.

Gənclərin böyük bir qismi məktəb vaxtlarında keçirilən tədbirlərə maraqla yanaşmır, əksəriyyəti bu tip görüşlərdə iştirakdan imtina edir. Vahid bəy tədbirlərin qatılan gənclərin əksəriyyətinə müsbət təsir etdiyini qeyd etdi:

“Güman ki, tədbirdə iştirak edən gənclərə videoroliklər, qonaqların fikirləri müsbət təsir göstərir. Bu gün Sumqayıtda Olimpiya, Paralimpiya Kompleksi, Şahmat məktəbi və digər idman qurumları fəaliyyət göstərir. Zallarımız var və biz gəncləri idmana yönəltməyə çalışırıq. Son zamanlarda yeniyetmələr arasında idmana maraq daha da artıb. Pandemiya vaxtı tədbirlərin keçirilməsində müəyyən problem yaranırdı və virus səbəbindən planlarımız baş tutmamışdı. Lakin şükürlər olsun ki, artıq virus bitir və işlərimizi davam etdiririk. Sumqayıtda Narkoloji Dispanser fəaliyyət göstərir. Biz Gənclər və İdman Baş İdarəsi olaraq bu qurumla əlaqə saxlayırıq. Neçə ildir, idarədə çalışıram və idmançılar arasında pis vərdişə yiyələnəni görməmişəm. Eşitməmişəm ki, kimsə desin, bizim idmançımız narkomandır. Daim idmançılarımızı nəzarətdə saxlayırıq. İşlərimizi artırırıq, təbliğata daha çox vaxt ayırmağa çalışırıq. Yenə də narkomaniyaya qarşı mübarizədə müəyyən tədbirlər keçiriləcək, məktəblərdə, universitetlərdə, təhsil idarələrində təbliğat işləri aparılacaq”.

Yekun

Narkomaniyaya qarşı mübarizədə idmanın effektiv rolu var. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, “o idmançıdır, siqaret çəkməz”, “o idmançıdır, pis vərdişləri olmaz”. Bəli, idmanla məşğul olan gənclər bədənlərinin formada olması üçün qidalanma, yuxu rejiminə xüsusi diqqət ayırır. İdmançıların əksəriyyəti pis vərdişlərdən uzaq olur və yaxınlarına da bunu məsləhət görür. Artıq valideynlər də uşaqları erkən yaşlarından idmanın müxtəlif sahələrinə cəlb edir, onların sağlam fərd olaraq formalaşmasına çalışırlar.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.