“Zirə” Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünü ikinci sırada bitirdi. “Qartallar” bununla da tarixində ikinci dəfə çempionatın gümüş medallarını qazanıb. Qəsəbə təmsilçisi həm də ölkə kubokunda ikinci oldu və bu da komandanın turnirdəki növbəti “gümüş”ü olub.
“Qartallar” son illərdə uğurlu çıxışı ilə diqqət çəkir. Komanda son dörd mövsümdə bir dəfə bürünc, bir dəfə gümüş medal qazanıb, iki dəfə isə ölkə kubokunun finalında uduzub. Demək olar, komandanın yaxşı nəticələrində əsas pay sahiblərindən biri Rəşad Sadıqovdur.
Futbolçu karyerasını bitirdikdən sonra ilk klub işinə “Zirə”də başlayan mütəxəssis çalışmalara başladığı ilk – 2020/21 mövsümündə çempionatı üçüncü sırada bitirərək avrokuboklara vəsiqə əldə edib. Sadıqov növbəti ildə – 2021/2022 mövsümündə isə ölkə kubokunun finalında “gümüş” qazanıb. “Qartallar” həlledici matçda “Qarabağ”a penaltilər seriyasında məğlub olub.
Ümumiyyətlə, “Zirə” demək olar, tarixinin ən yaxşı nəticəsinə bu mövsüm imza atdı. 10 komandalı çempionatda və kubokda ikincilik “qartallar” üçün uğurlu statistika hesab edilə bilər.
2020/2021 – 4-cü pillə (38 xal)
2021/2022 – 3-cü pillə (47 xal)
2022/2023 – 5-ci pillə (50 xal)
2023/2024 – 2-ci pillə (58 xal)
“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 148 oyuna çıxıb. Bu görüşlərin 62-də qələbə qazanan Bakı kəndliləri 40 oyunda məğlub olub. Qolların nisbəti 175-in 146-dır. Sadıqov “Zirə”də 232 xal toplayıb və ortalaması 1,57-dir.
Azərbaycan çempionatında nadir hallarda yerli mütəxəssisə üç ildən çox şans verilir. “Qarabağ” istisna olmaqla digər klublar arasında baş məşqçiyə güvən baxımından “Zirə” ən etibarlılar sırasındadır. Komanda son mövsümün birinci dövrəsində minimal hesablı qələbələr sayəsində bir müddət liderlik postunda belə qərarlaşsa da, az qol vurması tənqidlərə səbəb oldu. Buna baxmaraq, əsas yekundur və komanda layiqli şəkildə yarışı ikinci bitirdi. “Qarabağ” Premyer Liqada bütün komandalardan daha üstündür və “atlılar”ın olduğu çempionatı ikinci bitirmək də uğur kimi qeyd edilə bilər.
Sadıqovlu “Zirə”nin növbəti əsas sınağı avrokuboklarda olacaq. Komanda Avropa Liqasında I təsnifat mərhələsindən mübarizəyə başlayacaq və oyunlar gələn aydan başlayacaq.
Kamil Əhməd