“Sabah”ın yeni transferi Neqoş Kupusoviçin “FutbolPress“ə müsahibəsi:
– “Sabah”a keçidiniz haqda fikirlərinizi bölüşərdiniz…
– Bəzi təkliflərim var idi, amma ən çox “Sabah”ı bəyəndim. Azərbaycanın ən yaxşı klublarından birinə gəldim. Bu, mənim üçün yeni çağırışdır. Çox düşünməyib, təklifi qəbul etdim.
– Komanda ilə rəsmi olmasa da, yoxlama matçlarında debüt ediniz. Təəssüratlarınız necədir?
– Sloveniya toplanışında oyuna çıxdım. Komandanın oyun tərzini bəyənirəm. İnanıram ki, komanda və mənim üçün uğurlu mövsüm olacaq.
– Azərbaycan karyeranızda yeni səhifədir. Daha əvvəl nə məlumatınız var idi bura haqda?
– Azərbaycan mənimçün yeni ölkədir. Bir az araşdırma etdim və bəyəndim. Düşünürəm ki, uyğunlaşmamda da problem olmayacaq.
– Bəs “Sabah”ı tanıyırdınız?
– Onların çempionatda yuxarı sıralarda olduğunu bilirdim. İndi isə avrokuboklarda olacaqlar. Bu, məni daha da həyacanlandırır. “Sabah”ın ötən il “Partizan”la oyunlarına baxdım. Özləri haqda çox yaxşı təəssüratlar yaradıblar.
– Avrokuboklardan söz düşmüşkən, qarşıdan İsrailin “Makkabi” (Hayfa) komandası ilə duellər gəlir. Fikirlərin nədir?
– “Makkabi” ilə oyunlar çətin olacaq. Komandaya inanıram və düşünürəm ki, əlimizdən gələni edib, mərhələ adlamağa nail olacağıq.
– Azərbaycan Premyer Liqasının da başlanmasına az qalıb. Çempionat haqda nə məlumatınız var?
– Düzü, Premyer Liqa oyunlarını izləməmişəm. Amma “Sabah”ın bir neçə matçına baxmaq imkanım oldu. Maraqlı liqadır. Hər kəs bir-birini məğlub etmək gücündədir. Yeni mövsümü səbirsizliklə gözləyirəm.
Şahin Cəfərov