“Sabah” Azərbaycan Premyer Liqasının 3-cü sırada başa vurub. “Futuristlər” bununla da yeni mövsüm üçün Konfrans Liqasına vəsiqə əldə edib.
“Sabah”ın sabiq futbolçusu Filip İvanoviç “FutbolPress“ə açıqlamasında “bayquşlar”ın çıxışını dəyərləndirdi:
“Sabah”ı təbrik edirəm. Onlar bu nəticəyə layiq idilər. Klubda olan keçmiş dostlarımla danışdım, onları təbrik etdim. “Sabah” bu yerə öz əziyyəti ilə gəlib. Bir müddət Avrokubok zonasından uzaq qalsalar da, təslim olmadılar, mübarizə apardılar”.
Serbiyalı futbolçu xorvatiyalı mütəxəssis Krunoslav Renduliçin gəlişindən sonra “Sabah”ın daha yaxşı oynadığını qeyd etdi:
“Bir ara komandada eniş var idi, nəticə yox idi və aşağı sıralara düşmüşdülər. Renduliç gəlişindən sonra nələrisə dəyişə bildi. Düzdür, komandanın ona uyğunlaşması üçün bir az vaxt lazım oldu. Ancaq indi görünən odur ki, “Sabah” onu seçməklə düzgün qərar verib. Komandanın daha artıracağını və yaxın gələcəkdə çempion olacaqlarına inanıram”.
İvanoviç hazırda Özbəkistan təmsilçisi “Navbaxor”da çıxış edir. Onun klubla müqaviləsi noyabrın sonuna kimidir. 32 yaşlı müdafiəçi bir gün “Sabah”a qayıtmaq istədiyini bildirdi:
“Hazırda komandamda hər şey qaydasındadır. Müqaviləm davam edir, indiki vaxtda real bir şey yoxdur. Amma ümid edirəm ki, bir gün “Sabah”a qayıdacam”.
Serbiyalı oyunçu 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib. O, “futuristlər”lə 59 oyunda meydana çıxıb və 2 qol vurub.
Şahin Cəfərov