“Sabah”ın xorvat koordinatoru: “Azərbaycan uşaq futbolunun əsas problemi infrastrukturla bağlıdır” (MÜSAHİBƏ)

FutbolPressMedianın İnkişafı Agentliyinin layihəsi

II YAZI

Azərbaycan futbolundakı problemlərdən bəhs edərkən adətən uşaq futbolundakı durumun ürəkaçan olmaması xüsusi qeyd edilir. Düzdür, bununla bağlı kifayət qədər cəhdlər olub, var. Vaxtilə, “Xəzər Lənkəran”, “Bakı”nın nümunəsində artıq tarixin yaddaşına köçən klublar uşaq futbolu, akademiya işinə ciddi yatırımlar etdi. Mahir Emreli, Namiq Ələsgərov, Toral Bayramov kimi ölkədə kifayət qədər sayılıb-seçilən futbolçular da həmin prosesin nəticəsində yetişdi. Son illər isə “Qəbələ” futbol akademiyasında görülən sistemli iş, orada bacarıqlı oyunçuların üzə çıxmasına imkan yaradır.

Premyer Liqanın ən gənc klubu “Sabah” isə bu mövzuda fərqli və yeni yanaşma sərgiləyir – dünya praktikasından geniş istifadə. Paytaxt təmsilçisi 2019-cu ildən akademiyasını xorvatlara, dünyaca məşhur “Dinamo Zaqreb” Akademiyasının mütəxəssislərinə həvalə edib. Elə həmin ildən Bakıya gələn “Sabah”ın akademiyasının koordinatoru Adino Mustedanaqiçlə əlaqə saxlayıb, geridə qalan müddətdə görülən işlər, Azərbaycan uşaq futbolunun durumu barədə söhbətləşdik…

– 2019-cu ildən “Sabah”da çalışırsınız. İstərdik, əvvəlcə geridə qalan müddət ərzində fəaliyyətiniz barədə ümumi məlumat verəsiniz…
– “Sabah”da “Dinamo Zaqreb”lə 2019-cu ilin avqustunda bağlanmış əməkdaşlıq müqaviləsi əsasında fəaliyyətə başladım. 2019-cu ilin sentyabr ayından burdayam. Layihə üç mərhələni əhatə edirdi. Qısaca desəm, birinci uyğunlaşma mərhələsi idi. Bu mərhələ “Sabah” Futbol Klubu və Azərbaycan futbolu ilə tanışlığı əhatə edirdi. İkinci mərhələdə bu qısa vaxt ərzində potensialdan maksimum istifadə etməli və nəticə əldə etməli idik. Bu mərhələdə əsas məqsəd akademiyanı inkişaf etdirmək və “Dinamo Zaqreb”dəki təcrübəni və bilikləri “Sabah”da tətbiq etməkdən ibarət idi. Üçüncü – ən geniş müddəti əhatə edən mərhələdə isə imkanlardan maksimum istifadə etməklə, yerli məşqçiləri və mütəxəssisləri yetişdirmək və onların özünü inkişafını təmin etmək təşkil edirdi. Təəssüf ki, bu üç ildə nəinki Azərbaycana, bütün dünyaya öz mənfi təsirini vuran COVID-19 pandemiyası ilə əlaqədar, planlarımızı tam həyata keçirə bilmədik. Layihə çərçivəsində bir neçə planımızı təxirə salmalı olduq. Amma sevindirici haldır ki, bu müddətdə Kamran Quliyev, Ceyhun Nuriyev və Abdulla Xaybulayev kimi gənc futbolçular əsas komandaya yüksələ bildilər. Bununla yanaşı, “Dinamo Zaqreb”lə olan əməkdaşlıq çərçivəsində ordan bir neçə məşqçi bir müddət “Sabah”da fəaliyyət göstərdi, həmçinin burdan bir neçə gənc futbolçu Zaqreb təmsilçisinin akademiyasında qısamüddətli təcrübə keçdi. Bu təcrübə futbolçuların öz fərdi oyun keyfiyyətlərini yüksəltməsi baxımından böyük rol oynadı. Bundan əlavə, bu müddətdə həyata keçirdiyimiz könüllü layihəsi əsasında bir neçə gənci akademiyamıza cəlb etdik.

– Yəqin ki, bu müddət ərzində Azərbaycanda uşaq futbolunun durumu barədə bir fikrə gəlmisiniz. Ümumən, ölkə futbolundakı problemlər adətən uşaq futbolundakı çatışmazlıqlarla əlaqələndirilir. Vəziyyət çoxmu pisdir?
– Bəli, Azərbaycan futbolunu kifayət qədər tanıyacaq müddətdi, buradayam. Bundan əlavə, burada olduğum müddət mənə yerli mentaliteti, mədəniyyəti tanımağa da imkan verdi. Deməliyəm ki, Azərbaycanın özünəməxsus mədəniyyəti var. Desək ki, futbolun mentalitetlə əlaqəsi yoxdur, yanılmış olarıq. Yerli futbolda vəziyyətin çox yaxşı olduğunu deyə bilmərəm. Görülməsi lazım olan çox şey var. Ancaq tam mənfi köklənmək, hər şeyin pis olduğunu da demək olmaz. Sırf böyük futbola baxsaq, “Qarabağ”ın əsas komandasının nəticələrini xüsusi qeyd eləmək olar. Son illərdə bu komanda avrokuboklarda çox yaxşı nəticələr göstərir. Bundan əlavə, uşaq futbolunda “Qəbələ”də yaradılmış infrastrukturu da müsbət nümunə kimi göstərmək olar.


2019-cu il, “Sabah” “Dinamo Zaqreb”lə əməkdaşlığa başlayır. Fotoda: “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Dinamo Zaqreb”in prezidenti Mirko Barişiç

– Azərbaycan uşaq futbolundakı əsas çatışmazlıqlar kimi nələri qeyd edə bilərsiniz?
– Azərbaycan uşaq futbolunun əsas problemi infrastrukturla bağlıdır. Hər birimizə məlumdur ki, yaxşı infrastruktur olmadan yaxşı iş təşkil etmək çox çətindir. Bu isə uzun müddəti əhatə edən məsələdir. Yaxşı infrastruktur olmadan iş görmək xaotik xarakter daşıyır. Bundan əlavə, uşaq futbolunda qısa müddətdə nəticə tələb edilməsi məşqçilər üzərində əlavə təzyiq yaradır. Bunun düzgün olduğunu düşünmürəm. Uşaq futbolunda qısa müddətdə nəticəyə köklənmək doğru deyil.

– Konkret “Sabah”da akademiyanın fəaliyyəti necə təşkil olunub? İşləmək üçün lazımi şərait, infrastruktur varmı?
– Əvvəlcə onu nəzərə almaq lazımdır ki, “Sabah” çox gənc klubdur. Bu klub 2017-ci ildə yaradılmasına baxmayaraq, bu qısa müddətdə böyük irəliləyişə nail olub. Nəzərə almaq lazımdır ki, qısa müddətdə işi yüksək səviyyəyə çatdırmaq, yaxşı nəticə əldə etmək olmaz. Klub gənc oyunçuların yetişdirilməsi istiqamətində əlindən gələni edir. Hazırda akademiyamız 3 müxtəlif stadionun xidmətindən istifadə edir. Bura köhnə “Neftçi” bazasının meydançası ilə yanaşı, Bakı Olimpiya Stadionun (BOS) meydançası və Binə stadionu daxildir. Xüsusilə, bəzi yaş qruplarının BOS-un meydançalarından istifadə etməsi müsbət haldır. O baxımdan ki, təbii örtüklü meydançadan istifadə gənc oyunçuların inkişaında çox müsbət rol oynayır.

– “Sabah”a Zaqreb “Dinamo”su ilə əməkdaşlıq çərçivəsində gəlmisiniz. “Dinamo”nun akademiyası isə dünyaca məşhurdur. Elə buna görə sizdən gözləntilər də böyükdür. Geridə qalan dövr ərzində hansı irəliləyişə nail olmaq mümkün olub?
– Öncə bayaq qeyd etdiyim kimi akademiyadan əsas komandaya kimi yüksəldilmiş 3 futbolçunu xüsusi qeyd edərdim. Fikrimcə, bu, bizim əsas uğurumuzdur. Bundan əlavə, düşünürəm ki, məşqçilərin futbola baxışında, həmçinin məşqlərdə də müsbət mənada irəliləyiş var. Akademiyada təşkilatçılıq planında da irəliləyişin olduğunu deyə bilərəm. Bundan əlavə, bu müddətdə seleksiya xidmətini də inkişaf etdirməyə nail olduq. Hazırda da istedadlı azərbaycanlı futbolçuların tapılması istiqamətində işlərimizi davam etdiririk.

– Yerli uşaq məşqçilərinin keyfiyyəti, hazırlıq səviyyəsi qaneedicidir?
– Fikrimcə, azərbaycanlı uşaq futbolu məşqçilərinin əsas problemi onlardan qısa müddətdə nəticə tələb olunmasıdı. Bu, onları əlavə təzyiq altında saxlayır və əsas işlərinə köklənməyə mane olur. Deyərdim ki, yerli məşqçilər özünü inkişaf etdirməyə, yeni şeylər öyrənməyə həvəslidirlər. Sadəcə, özlərini inkişaf etdirmək üçün hər hansı xarici dil, məsələn, ingilis dilini inkişaf etdirmələrini məsləhət görərdim. Xarici dil öyrənmək onlara xaricə açılmaq, həmçinin məşqçi biliklərini inkişaf etdirmək üçün yeni imkanlar yaradacaq.


“Sabah”da aşağı yaş komandalarının məşqçiləri üçün hücum futbolu mövzusunda təlim

– “Dinamo Zaqreb”lə əməkdaşlıq çərçivəsində məşqçilər üçün seminarlar keçirilməsi nəzərdə tutulurdu. Bu proses davam edirmi? Edirsə, effekti varmı?
– Bəli, keçən il məşqçilər üçün “Dinamo Zaqreb”lə bir onlayn seminarımız oldu. Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq planlarımızı tam həyata keçirə bilmədik. Bildiyiniz kimi, COVID-19-la əlaqədar bir müddət məşqlər də ləğv olunmuşdu. “Dinamo Zaqreb”in məşqçilərinin bura gəlməsi, həmçinin akademiyamızın məşqçilərinin Zaqrebə yollanaraq, orada akademiyada təcrübə keçməsi nəzərdə tutulmuşdu ki, pandemiya səbəbindən bu planlarımızı təxirə salmalı olduq. Bundan əlavə, layihə başladığı vaxtdan “Dinamo”nun akademiyasında iki dəfə rəhbər dəyişikliyi oldu ki, bu da ümumi işimizdə çətinlik yaratdı. İki həftə əvvəl “Dinamo”nun akademiyasında oldum. Orada razılığa gəldik ki, təxirə salınmış planlarımızı davam etdirək. Mümkün olan kimi, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

– Keçən il “Sabah”ın iki futbolçusu “Dinamo”nun düşərgəsində oldu, oyunlara çıxdılar. Gələcəkdə bu, davam edəcək?
– Bəli, keçən il iki futbolçumuz “Dinamo Zaqreb”in akademiyasının düşərgəsində oldu. Bu cür akademiyada qısa müddət də olsa məşqlərdə iştirak etmək bu futbolçuların fərdi keyfiyyətlərini inkişaf etdirmək baxımından müsbət haldır. Lakin bunu həmişə həyata keçirmək mümkün deyil. Çünki həmin futbolçular burada komandalarının məşqlərində, həmçinin milli komandanın təlim-məşq toplanışlarında, oyunlarında iştirak etməlidirlər. Buna görə, bu cür təcrübə, oyunçuları ora göndərmək üçün münasib vaxt tapmaq çox çətindir.

“Sabah”ın “Dinamo Zaqreb”də təcrübə keçən futbolçularıHəmzəalı Mikayılov və Xəyal Əliyev
“Sabah”ın “Dinamo Zaqreb”də təcrübə keçən futbolçuları: Həmzəalı Mikayılov və Xəyal Əliyev

– Həmin oyunçuların “Dinamo”dakı çıxışı barədə oradakı məşqçilərlə yəqin ki, müzakirəniz olub. Fikirləri necə idi?
– Düzünü deyim, futbolçulardan birinin oradakı məşqlərə belə tez uyğunlaşması məni yaxşı mənada təəccübləndirdi. Oradakı məşqçilərlə söhbətdə də yüksək rəylər eşitdim. Oyunçunun Zaqreb akademiyasının futbolçuları ilə tam rəqabət apara biləcəyini dedilər. Digər oyunçu isə yerli mühitə uyğunlaşmaqda bir qədər çətinlik çəkdi. Bayaq da qeyd etdiyim kimi, mentalitet, mühit futbolda böyük rol oynayır. Buna görə digər oyunçunun bir qədər uyğunlaşmaqda çətinlik çəkməsini tam normal hal sayıram. (Davamı burada)

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.