“Sabah” Konfrans Liqası ilə vidalaşıb. Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv İrlandiyanın “Sent Patriks” komandası ilə duellərdən məğlub ayrılıb – 0:1, 0:1.
İrlandiyada matçın böyük hissəsini 10 nəfərlə keçirən və minimal hesabla məğlub olan “Sabah”ın cavab oyunu öncəsi şansları yüksək qiymətləndirilirdi. Hardasa bütün futbol ictimaiyyəti Azərbaycan təmsilçisinin azı 2-3 top fərqiylə qalib gələcəyini proqnozlaşdırırdı. “Sabah”a inam böyük idi, fanatların oyunboyu dəstəyi, rəqibi təzyiqə salmaq cəhdlərinin qarşısında komanda gözləniləni vermədi.
“Sabah” cavab görüşünə yaxşı başlasa da, 26-cı dəqiqədə Sofian Çaklanın yersiz qayda pozuntusu və qovulması demək olar, oyunun qırılma anı oldu. Sona qədər 10 nəfərlə mübarizə aparan komandada yorğunluq hədsiz hiss edilir, futbolçularda sanki istəksizlik görünürdü. Hücuma sürətli çıxmaqda çətinlik yaşayan oyunçular demək olar, 5 ötürmədən 3-də səhv edirdi. Kapitan Elvin Camalov yarımmüdafiədən topu irəli apara bilmir, cinahdan Amin Seydiyev əvvəlkitək asmalarını etmir, edə bilmir, hücumda qol yükünü daşısın deyə heyətə cəlb olunan Pavol Şafranko isə sadəcə fiasko. Topu irəlidə saxlamaq biryana, əlinə düşən epizodu belə dəyərləndirə bilməyən forvard görünür, hazır deyil. Ya uyğunlaşma problemi yaşayır, ya da elə səviyyəsi budur.
“Sent Patriks” isə fiziki gücü hesabına sürətli hücuma çıxa bilirdi. Sadəcə onların da dəqiq ola bilməməsi hesabın minimal qalmasına səbəb oldu. Yoxsa “Sent Patriks” yox, daha keyfiyyətli komanda olsaydı, “Sabah” böyükhesablı məğlubiyyətdən qaça bilməzdi.
“Sabah”ın enişini baş məşqçi Renduliç yorğunluqla əlaqələndirir. Düzdür, II təsnifatda “Makkabi” ilə 120 dəqiqə keçən ağır oyundan sonra komanda özünə gələ bilmir. Ancaq böyümək, avrokuboklarda qruplara qalmaq istəyən komanda bu problemləri yaşamamalıdır. Avropada klublar az qalsın həftəyə üç oyun oynayır, bizdə isə iki oyuna artıq yorğunluq baş qaldırır. “Sabah”ın “Sent Patriks”lə duelləri Azərbaycan klubları üçün nümunə olmalıdır. Avrokuboklara hazırlaşan komanda mövsüm bitməmiş çalışmaları həyata keçirməli, starta daha hazır vəziyyətdə başlamalıdır.
“Sabah”ın heyətinə qatdığı yeni hücumçular – Pavol Şafranko və Neqoş Kupuşoviç hələ özündə deyil. İki forvard da irəlidə top tutmaqda çətinlik çəkir. Müdafiədə problemlər daha ağırdır. Sofian Çakla, Con İrasabal, Amin Seydiyev kifayət qədər mövqe səhvlərinə yol verir. Ötən mövsümün yaxşılarından olan Boyan Letiç də eniş dövründədir. “Sent Patriks”lə oyunda cinahda rəqibinə uduzan təcrübəli oyunçu fərq yarada bilmədi. Cesse Sekidikanın da yorğunluğu hiss olunur. Coy-Lens Mikels bir neçə dəfə qol cəhdi etsə də, ya qərarda səhvə yol verdi, ya da zərbəsi dəqiq olmadı.
Qarşıda “Sabah”ı Premyer Liqada “Neftçi” ilə ağır oyun gözləyir. Gərgin qrafikdən baş çıxara bilməyən “futuristlər”in bu görüşdə necə təsir bağışlayacağı sual altındadır. Ardıcıl xal itkiləri, Konfrans Liqasında irlandlara məğlubiyyət və yorğunluq sonrası komandanın necə toparlanacağı maraqlıdır. Mövsümün startında itirilən xallar və rəqiblərlə xal fərqinin açılması neqativ məqamlardandır. “Neftçi”yə məğlubiyyət eyni zamanda Renduliçin də postunu təhlükə altına sala bilər.
Şahin Cəfərov