“Sabah”ın futbolçusu: “Neftçi”yə qalib gəlmək istəyirik”

“Sabah” Azərbaycan Premyer Liqasının X turunda “Zirə” ilə heç-heçə edib – 1:1. “Futuristlər”in futbolçusu Tellur Mütəllimov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Çətin oyun oldu. Matça yaxşı başladıq, istədiyimiz erkən qolu vurduq və fasiləyə öndə yollandıq. İkinci hissədə də şanslarımız oldu, amma yararlana bilmədik. Son dəqiqələrdə isə diqqətsizlikdən qol buraxdıq. Qələbəyə yaxın idik, təəssüf ki, alınmadı”.

“Sabah” bu mövsüm çempionatda ən çox qol buraxan komandalardandır. Tellur son dəqiqələrdə üstünlüyü əldən vermələrini belə şərh etdi:

“Zirə” ilə oyunda geriyə çəkildiyimizi deməzdim. Bir neçə yaxşı imkanımız da oldu, amma dəyərləndirə bilmirik. Bundan əvvəl “Araz-Naxçıvan”la matçda da belə olmuşdu, qoldan sonra rəqib fərqlənmiş və heç-heçə olmuşdu. Futbolda belə hallar olur. Bəzən rəqib geridönüş edir, bəzən də sən”.

“Bayquşlar” növbəti turda “Neftçi” ilə qarşılaşacaq. Mütəllimov “ağ-qaralar”la ev oyunundan gözləntilərini bölüşdü:

“Neftçi” ilə oyunlarımız həmişə maraqlı və çətin olur. Bu dəfə də asan keçməyəcək. Hədəfimiz qələbə qazanmaqdır. İnanıram ki, azarkeşləri üç xalla sevindirə biləcəyik. Ümumiyyətlə, fanatlar üçün maraqlı oyun olacaq”.

Şahin Cəfərov