İctimai İTV-nin “Sabaha saxlamayaq” tok-şousunun dünənki buraxılışı futbola, daha dəqiqi, milli komandanın uğursuz nəticələrinin müzakirəsinə həsr olunmuşdu.
Futbol bizə emosional piki yaşadır. Amma milli(ləri)miz o hissin pozitiv tərəfini yaşada bilmədiyi üçün verilişdə “əvəzini çıxdıq” sanki…
Yazının sonunda tok-şounun bu buraxılışının tam videosu yerləşdirilib. Baxanda görəcəksiniz, səs-küy çoxdur. Ən çox da bu məsələdə özümü, belə deyək, “təqsirli sayıram”. Bu da bir özünütənqid ştrixi olsun…
Bəs niyə belə oldu?
Veriliş başlayan kimi aparıcı yoldaşların, “Sabaha saxlamayaq”ın niyə tənqid olunmasını qabartması bir qədər anlaşılmazlıq yaratdı.
Belə ki, İctimai İTV-nin rəhbəri Balakişi Qasımov 2 apreldə AFFA prezidenti seçkilərindən sonra assosiasiyanın rəhbərliyində vitse-prezident kimi təmsil olunur. Haqlı olaraq, millinin nəticələrinin uğursuz olmasından tutmuş, irili-xırdalı məsələlərdə yeni rəhbərliyin susqun olması qıcıq, narazılıq yaradıb və tənqidlər yayılıb. Eləcə də Balakişi bəy tənqid olunub; həmçinin “FutbolPress”də.
Tok-şounun qınanması, tənqid olunması sanki bir az çox “hədəfə gətirildi”. Veriliş başlayan kimi bu məqamın üzərinə gedilməsi şəxsən bəndənizdə narahatlıq yaratdı. Əvvəldən anons edildiyi kimi, 55 dəqiqəlik efir vaxtının bir neçə dəqiqəsi bu məqama həsr olunmaqdaydı.
Qonaq sayı 7 nəfər olduğundan, ilk 4-5 dəqiqədə birbaşa mövzuya keçid edilməməsindən dolayı şəxsən mən emosional reaksiya verməli oldum. Bu tərzi sevmədən buna məcbur olmağa səbəb həm də rahat fikir bildirməyə müdaxilənin çox olması idi…
Verilişboyu dəfələrlə müdaxilə edirmiş kimi görünməyimə səbəb müdaxiləni sevməyim deyildi, qeyd etdiyim kimi, gərək veriliş elə başlamazdı. Kim, harda və nə cür tənqid edibsə “Sabaha saxlamayaq”ı, o fikirlərin müəllifi dəvət ediləydi, “haqq-hesab” onunla “çürüdüləydi”…
Biz ora milli komandaların uğursuz nəticələri və yeni AFFA rəhbərliyini müzakirə etməkçün dəvət edilmişdik, bizə aid olmayan bir məqama görə “danlaq” tərzində qeydlərə qulaq asmağa yox…
Şəxsən mən öz adıma deyə bilərəm, bu tərz əhvalıma xoş təsir etmədiyi üçün emosional reaksiya verməyə məcbur qaldım. Bu ton əfsus ki, verilişin sonunadək məni tərk etmədi.
Amma pozitiv məqamlar da var.
Verilişdə istədiklərimi deyə bildim?
Bəli.
İctimai TV ictimai çağırışa dərhal reaksiya verib formatına uyğun davrandı?
Bəli, canlı efir. Buyurun, bu meydan, bu da söz… Üstəlik, qızğın müzakirələri nəzərə alaraq verilişin vaxtına düz 30 dəqiqə əlavə olundu.
Bax, bu reallıqlara sahib bir telekanal qəti narahat olmamalıdır ki, haqlı, yoxsa haqsız tənqid olunub. Obyektivlik və ədalət prinsiplərinə əməl olunmaq bütün bunların fövqündədir.
Emosiya reallıqdan uzaqlaşdırır, hədsiz müdaxilələr arqumental, səhih danışmağa ciddi mane olur, nitqin müntəzəmliyinə xələl gətirir.
Görünür, müzakirə vərdişlərimiz də formaya düşməlidir. Bunun üçün də digər kanallardan, hətta idman profillilərdən çox, gözləntinin İctimai TV-dən olması həm mənəvi, həm hüquqi cəhətdən tam doğrudur.
İnanırıq ki, bu tip tok-şoular müntəzəm olar. Şəffaflıq və intellektual, səmimi müzakirələrdən illərlə uzaq tutulan ölkə futbolunun buna ehtiyacı var.
AFFA prezidenti Rövşən Nəcəfə də, vitse-prezident Balakişi Qasımova da burdan açıq müraciət edirik: müsahibə və debata dəvət edirik.
Digər vitse-prezident Elşad Nəsirovdan isə bunu gözləmirik, çünki o, 20 ilə yaxındır ki, AFFA rəhbərliyində təmsil olunur, lakin heç vaxt müstəqil KİV-ə müsahibə verdiyinə rastlaşmamışıq.
Verilişdən sonra tok-şounun redaktoru Fəridə Rəsulovayla ayaqüstü söhbətimiz çox maraqlı, produktiv alındı. Adamlar bir nümunə olurlar – futbol verilişi olmadan futboldan ən qızğın müzakirələrə meydan açan tok-şou olmaqla.
Peşəkarlıq, demokratik mühit çox böyük bir mədəniyyət ehtiva edir və sən stimul hiss edirsən ki, daha dərindən, geniş araşdırıb danışasan.
İctimai TV-yə təklif edirik ki, tok-şoularla yanaşı, məsələn, Karl Popper formatlı debatlar da təşkil edilsin. Aşkarlıq və dərin müzakirələr inkişafın açarıdır – Platon deyib.
Digər telekanallar etmir? İctimai TV buna əhəmiyyət verməməlidir, çünki o, bizim – ictimaiyyətin kanalıdır.
Niyə məhz indi bu qədər tələb artıb?
Çünki əvvəlki rəhbərlik ictimai fikri “iqnor” etmişdi, onlara olan ümid də itmişdi. Amma indiki rəhbərlikdə pozitiv detallar daşıyan nəfərlər var. Susqun dayanmaq lazım deyil…
Elçin Cəlilov