“Sabah” yorulub, “Şamaxı” inamlı başladı

“Sabah” Azərbaycan Premyer Liqasının I turunda “Şamaxı” ilə heç-heçəyə razılaşıb – 2:2.

Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sini (İsrail) penaltilər seriyasında üstələyən “futuristlər” yorğunluğu ata bilməyib. Baş məşqçi Krunoslav Renduliç məntiqi olaraq heyətdə bir neçə dəyişikliklər etmişdi. Ötən mövsümü “Turan Tovuz”da keçirən Şakir Seyidov, “Araz-Naxçıvan”da icarədə olan Abdulla Rzayev “Şamaxı” ilə oyunda əsas heyətdə yer aldı. Xüsusilə, Seyidov komandasının ikinci qolundan əvvəl Xəyal Əliyevə gözəl ötürmə ilə yadda qaldı. “Sabah”ın geniş heyəti olmamasına baxmayaraq, kənardakı ehtiyat qüvvə də pis təsir bağışlamır və dəyişiklik imkanının çox olması komanda adına faydalı olacaq.

“Sabah”ın əsas problemi müdafiə xəttindədir. Konfrans Liqasında “Makkabi”yə cavab görüşündə də arxada ciddi mövqe səhvlərinə yol verən “futuristlər” ilk növbədə bu problemi aradan qaldırmalıdır. Yarımmüdafiəçisi Lepinitsa və Elvin Camalov tandemi pis təsir bağışlamadı. Yalnız hücumda yeni transfer Neqoş Kupuşoviç hələ formasından uzaq olduğunu göstərdi. Mövsümün startıdır və hər komandanın tam formaya düşməsi üçün vaxt lazımdır. Kimdə daha az çəkəcəksə, daha yaxşı nəticələrə imza ata biləcək.

“Şamaxı” isə yenidən Premyer Liqaya qayıdışını bir xalla qeyd etdi. Ayxan Abbasov “şirlər”də müəyyən heyət qura bilib və “Sabah” səfərində rəqibdən geri görünmədilər. Xüsusilə, əks-hücumlarda Belajdi Pusi təhlükəli olmağı bacarırdı. “Şamaxı” I turda gənclərə ən çox şans verən komandalardandır. Düzdür, təcrübə önəmlidir, amma gənclərin enerjisindən də yararlanmaq olar. Bölgə klubu birinci matç üçün pis görünmədi və heyət komplektləşəndən sonra digər komandalara da başağrısı olmaq potenssialındadır.

Kamil Əhməd