“Sabah” aritmiyası…

“Sabah” “Makkabi” ilə səfərdə elə ağıllı, güclü, sistematik futbol oynamışdı ki, baxanlar zövq almışdı. Lakin cavab oyununda, doğma tribunaların dəstəyi belə “bayquşlar” üçün stimul olmadı. Hərçənd, penaltiləşmədə ölkə futbolu adına bir ilk edərək mərhələni adlayan tərəf oldu. Lakin bir məqamı qeyd etməyin vacibliyi danılmaz oldu: qeyri-sabitlik!

“Sabah” ötən mövsüm də belə idi, Murad Musayev getdi və yüksək oyun keyfiyyətləri aşılamağı bacaran Renduliçlə də eyni hal davam edir. Bu komandanın bu cür aritmiyası (oxu: ürək döyüntüsü ritminin pozulması) nədən qaynaqlanır, məlum deyil…

Amma artıq bu bir faktdır, hətta bir ayama halı alıb, “Sabah” sabit performans sərgiləyə bilmir. Mütləq bir neçə oyundanbir göz oxşayan çıxış edir, lakin tez bir zamanda da özünə qəti bənzəməyən – sönük, xaotik futbola düçar olur.

Bu mərəzin kökü araşdırılmasa, “bayquşlar” layiqli yerlərə nüfuz etməkdə çətinlik çəkəcək.

“Sabah” performansındakı aritmiyanın kökünü tapmalıdır.

Kamil Əhməd