“Sabah” ambisiyalı və bizdən daha imkanlıdır”

Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – “Sent Patriks” oyunundan öncə qonaqların baş məşqçisi Stefan Kenni mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı…

– Oyuna tam hazırlaşa bilmisiniz?

– Bəli. Uzun yoldan gəlmişik və həftəsonu çempionatda ağır matç keçirmişik. Buna baxmayaraq, oyuna hazırlaşmışıq.

– Çempionatda oyunun təxirə salınmasını istəmisiniz. Demək olar, pley-off mərhələsinə köklənmisiniz…

– Bizim komandamız imkanlı və böyük deyil. Həm də maliyyəmiz geniş deyil ki, hər iki turnirə yaxşı hazırlaşaq. Çoxmillətli klub deyilik. Sabahkı oyun ağır olacaq. Hədəfimiz sərfəli nəticə qazanıb, mərhələ adlamaqdır.

– Sabah uduzsanız, bunu həzm edə biləcəksiniz?

– Futbol baxımından normal haldır. “Sabah” ambisiyalı və bizdən daha imkanlıdır. Məğlub olsaq, normal qarşılayacağıq.

– Səhv etmirəmsə, ikinci səfərinizdir Bakıya. Daha əvvəl İrlandiya yığması ilə gəlib, yaxşı nəticə ilə qayıtmışdınız. Bu dəfə necə düşünürsüz?

– Həmin vaxt çox yaxşı qələbə qazanmışdıq. Ümid edirəm, yenə elə olar. Bu dəfə fərqli oyundur. Hər iki komanda mərhələ adlamaq istəyir.

– Büdcəni qabartdınız. İki komandanı müqayisə etsəniz, hansı mənzərə ortaya çıxar?

– Maliyyə mütəxəssisi deyiləm, müqayisə edə bilmərəm. Futbola köklənmişik.

– “Sabah”ın sizdən hansı üstün tərəfləri var?

– “Makkabi” ilə oyunu misal çəkmək olar. Güclü komandaya qalib gəldilər. Çətin görüş olacaq. Özümüzü bu matça kökləmişik.

Şahin Cəfərov