İspaniya La Liqasının builki mövsümü artıq yekunlaşıb. Bir ay öncədən “Real” növbəti çempionluğunu təmin edib. Əvvəlki vaxtlarından uzaq görünən “Barselona”nın məzlum, ümidsiz azarkeşlərinin yüngül pərtlik hissiylə bu durumu qəbul etməkdən savayı əllərindən bir şey gəlmir.
Bəli, “Kral klubu” öz oyunu və idman siyasəti ilə meydanlarda yalnız fiziki qələbələr qazanmır, həm də idraki və mənəvi zəfərlər qazanır. Komanda Avropada da yeni macəralar sorağındadır və yenə ən çox sevdiyi turnirin – Çempionlar liqasının finalındadır. Azarkeşlər iftixarla oyun gününü gözləyirlər.
“Valensiya”, “Sevilya” kimi komandalar isə heç cür özlərinə gələ bilmirlər; xüsusən də “Valensiya”, belə ifadə etmək mümkünsə, fasiləsiz uğursuzluqlara məruz qalmağa öyrəşib. Axı “Yarasalar” Avropada şan-şövkəti parlaq şəfəq saçan futbol klublarından biridirlər, hazırda isə o şan-şövkətdən, o gücdən fövqəladə dərəcədə uzaqdırlar.
Mənim bu mövsüm La Liqada səmimiyyətlə pərəstiş etdiyim komanda son turda “Qranada”ya yeddi cavabsız qol vuran “Jirona”dır. Katalon əsilli insanların sıx məskunlaşdığı Jirona (və ya Xirona) şəhərini təmsil edən bu klub 2023-2024 mövsümündə bir mühərrik kimi çalışdı. Söyləmək olardı ki, ölkə çempionatlarında belə şeylər olur və tezliklə bu komanda da öz səviyyəsinə əsasən aşağı mövqelərdə qərar tutacaq, hərçənd, “Jirona”nın gücü bir qətrə də azalmadı. Hətta bir vədə çempionatda dominantlıq edirdilər və yəqin ki, “Barselona”, “Real”, “Atletiko” kimi böyük komandaların azarkeşləri arasında sıxıla-sıxıla, yavaşdan “İşə bir bax, builki çempion “Jirona” olacaq” deyənlərin sayı heç də az olmadı.
“Jirona” La Liqada üçüncü yeri tutub və növbəti mövsüm yeni formatlı Çempionlar Liqasında mübarizə aparacaq.
Bu kollektivin oyun anlayışına, meydandakı mübarizəsinə açıqdan-açığa heyrət etməmək mümkün deyil. Hər oyunlarında fərqli bir təəssürat yaşayırsan, iltifatlı həyəcan hissləri keçirirsən.
Komandanın ukraynalı hücumçusu Artyom Dovbik bu mövsüm La Liqada ən çox fərqlənən futbolçu oldu. Təkcə bunun özü belə – bombardirin şöhrət etibarilə üstün olan komandaların birindən deyil, məhz “Jirona”dan çıxması – hörmətə layiq məqamdır.
Əminəm ki, azarkeşlər bu mövsümkü “Jirona”nı həmişə həzzlə xatırlayacaqlar. Bu bənzərsiz kollektivin avrokuboklardakı çıxışı da başqa bir maraq oyadacaq.
Orxan İsmayılov