“Səbail”dən ayrılan futbolçu: “Çalışsaq da, istədiyimiz yerdə ola bilmədik”

Müdafiəçi Adil Nağıyev “Səbail”dən ayrılıb. Oyunçu klubla müddəti başa çatan müqaviləsini uzatmayıb.

Nağıyev “FutbolPress“ə açıqlamasında ayrılıq qərarının qarşılıqlı olduğunu bildirdi:

“Qarşılıqlı razılaşdıq və yolları ayırmağa qərar verdik. “Səbail”ə uğurlar arzu edirəm”.

Müdafiəçi komandadakı son mövsümünü dəyərləndirdi:

“Futboldur, nə qədər çalışsaq da, istədiyimiz yerdə ola bilmədik. Son beş oyunu avrokuboklar üçün mübarizə aparan komandalara qarşı oynadıq. Bəzi matçlarda üstün olsaq da, diqqətsizlikdən qollar buraxdıq. Bu da futbolun bir hissəsidir”.

Nağıyev komandanın mövsümün əvvəlindən hədəfinin “atlılıq”da olmaq olduğunu bildirdi. O, “Səbail”in 7-ci olmasının uğursuzluq sayılmadığını da əlavə etdi:

“Bəzi matçlarda bəxtimiz gətirmədi. Həm də mövsümün gedişində zədələrə görə çox problem yaşadıq. Əsas oyunçular kənarda qalandan sonra problemlərlə üzləşdik, bunlar komandaya təsirsiz ötüşmədi. Yeni qurulan komanda idik və stabillik çatmadı. “Səbail” son illərdə ancaq liqada qalmaq üçün mübarizə aparırdı. Amma bu dəfə 7-ci olduq. Buna görə çox uğursuz adlandırmazdım. Altıncı yer olsaydıq, uğur sayıla bilərdi”.

Şahin Cəfərov