Rzayev revanş arzulayır: “Gücümüzü sübut etmək istəyirik”

Azərbaycan minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstanı 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Milli komandanın üzvü Mirmehdi Rzayev “FutbolPress”ə açıqlamasında matçın çətin keçdiyini bildirdi:

“Bolqarıstan güclü kollektivdir. Fiziki və taktiki cəhətdən yaxşı çıxış edirlər. Açığını desəm, biz onları yaxşı analiz etmişdik. Bizimlə matçdan bir gün əvvəl onların qarşılaşmasını izlədik. Rəqibin bizə qarşı necə oynayacaqlarını bilirdik. Məşqçimiz Elşad müəllimin verdiyi təlimatları yerinə yetirdik. Yaxşı müdafiə olunduq. Əmzkarlıq sayəsində qələbə qazanıb, növbəti mərhələyə vəsiqə qazandıq”.

Yığmanın 1/4 finaldakı rəqibi Qazaxıstan olacaq. Rzayev revanş arzusunda olduqlarını qeyd etdi:

“Qazaxıstan olduqca güclü kollektivdir. Təəssüf ki, dünya çempionatında onlara qarşı oyunda məğlub olmuşduq. Bu gün revanş almaq istəyirik. Yarımfinal arzusundayıq. Daha iddialı və yaxşı komandaya sahibik. İnşallah, gücümüzü sübut edib, 1/2 finalda oynamağı hədəfləyirik”.

Müsahibim geridə qalan oyunları da dəyərləndirdi:

“Bu il Avropa çempionatına daha yaxşı hazırlaşmışdıq. Avropa çempionatından öncə Monteneqroda təlim-məşq toplanışında olduq. Şükürlər olsun ki, hazırda məğlubiyyətsiz irəliləyirik. Qrup mərhələsində lider olsaq da, oyunlarımız ağır keçdi. Hazırda 1/4 finalda olan komandalardan ikisi bizimlə eyni qrupda olublar. Lakin özümüzə güvənirik, inşallah, yarımfinala vəsiqə qazanacağıq”.

Məlik Məlikov