Rumınlarla sınaq – “Qarabağ” üçün son şans

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda sabah “Styaua”nı qəbul edəcək. Rumınlarla görüşə saat 21:45-də start veriləcək.

“Qarabağ” buna qədər bu kollektivlə 2 dəfə yoxlama matçında üz-üzə gəlib. Tərəflər hərəyə bir qələbə qazanıb. “Qarabağ” rumıniyalılarla birinci dəfə avrokubok matçında qarşılaşacaq.

“Styaua” Rumıniya tarixinin köklü klublarındandır. Əsası 1947-ci ildə qoyulan buxarestlilər ölkənin ən titullu komandalarındandır. Hazırda komandanın dəyəri 41,38 milyon avrodur. “Qarabağ”da isə bu rəqəm 20,65 milyon avrodur.

Rumıniya təmsilçisinin heyətində Darius Olaru, Daniel Birliqea, Florin Tanase kimi keyfiyyətli oyunçular var. Komandanın ən bahalı futbolçusu 7,50 milyon avro dəyərlə Olarudur. Yarımmüdafiəçinin zədə səbəbindən “Qarabağ”la görüşü buraxacağı ehtimal edilir.

“Styaua”ya kiprli Elias Xaralampus rəhbərlik edir. O, 2023-cü ilin martından komandanın sükanı arxasındadır. “Styaua” onun rəhbərliyi altında bu mövsüm 40 oyunda 20 qələbə qazanıb, 13 heç-heçə edib. Rumıniya təmsilçisi Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkir. Komanda 6 turda 3 qələbə qazanıb, 1 dəfə uduzub. Aktivində 11 xal olan “Styaua” 36 komanda arasında 10-cu sıradadır. “Qarabağ” isə 3 xalla 33-cü pillədə yer alıb. Azərbaycan təmsilçisi növbəti mərhələ şanslarını saxlamaq üçün mütləq qələbə qazanmalıdır.

“Qarabağ” son turda “Olimpiakos” səfərinə yollanacaq, “Styaua” isə “Mançester Yunayted”i qəbul edəcək.