Rumıniya çempionundan Bundesliqa nəhənginə qədər (LAYİHƏ)

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə “Ölkə futboluna güzgü tutaq” mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız bu dəfə TPL klublarının yay hazırlığı zamanı keçirdiyi beynəlxalq yoldaşlıq görüşlərinə nəzər yetirəcək.
 
Premyer Liqada növbəti mövsümün startına çox qalmayıb. Artıq gələn həftənin sonu 2017/18 futbol ili başlayacaq. Buna uyğun olaraq, çempionatın iştirakçıları da yay hazırlıqlarını başa vurublar. Klubların hamısı təlim-məşq toplanışının əsas hissəsini ölkə xaricində keçdilər. “Qarabağ”, “Qəbələ” və “Neftçi” Avstriyaya yollandılarsa, “İnter”, “Zirə”, “Kəpəz”, “Sumqayıt” və “Səbail” Türkiyəyə üz tutdular. Ölkə xaricindəki hazırlıq dönəmində bütün klublarımız bir neçə yoxlama oyununda güclərini sınadılar. 
 
Bu görüşlərin sonuncusu avqustun 2-də “Neftçi” və “Herta” (Almaniya) arasında keçirildi. Ümumilikdə, klublarımız yay fasiləsi dövründə 31 dəfə xarici ölkə təmsilçiləriylə yoldaşlıq oyuna çıxdılar. Bu görüşlərin 8-də Azərbaycan komandaları, 20-də isə rəqiblər qələbə qazandı. 3 görüşdə qalib müəyyənləşmədi. Top fərqində də təmsilçilərimiz geridi – 42:51.
 
Qazanılan 8 qələbənin 3-ü “Qəbələ”nin aktivinə düşürsə, “İnter” və “Sumqayıt”ın hərəyə 2, “Zirə”nin isə 1 uğuru var. Digər 4 klubumuzun aktivində qalibiyyət yoxdu. “Qarabağ” isə bütün görüşlərdə məğlub olan yeganə komandadı.
 

Ayrı-ayrı klublar üzrə vəziyyətə nəzər salsaq… 
 
 
“Qəbələ”
 
“Qəbələ” hazırlıq dövründə ən çox qələbə qazanan komanda olmaqla yanaşı, həm də ən çox yoxlama oyunu keçirməsiylə də yadda qaldı. “Qırmızı-qaralar” 8 dəfə sınaq matçına çıxdılar. Roman Qriqorçukun komandası 3 qələbə qazandısa, 5 matçda məğlub oldu. Top fərqində də təmsilçimiz üstündü – 17:8. Komandanın ən məhsuldar futbolçuları Ülvi İbazadə və Asif Məmmədov oldular. Onlar hərəyə iki dəfə fərqlənməyi bacardılar.
 
Əyalət klubunun rəqibləri arasında Bolqarıtsanın ÇSKA, “Ludoqorets” klubları, Kiyev “Dinamo”su, Holandiya “Utrext”i kimi komandalar var idi. “Qırmızı-qaralar” adıçəkilən sonuncu klubla görüşdən qalib ayrılmağı da bacardılar. Klomandanın digər rəqibləri isə yerli komandalar – Avstriya klubları oldu.
 
“Fulpmes” (Avstriya) – “Qəbələ” – 0:8
“Qəbələ” – “Axmat” (Rusiya) – 0:1
“Qəbələ” – “Vakker” (Avstriya) 0:1
“Qəbələ” – ÇSKA (Sofiya, Bolqarıstan) 0:2
“Qəbələ” – “Ludoqorets” (Bolqarıstan) – 0:2
“Qrodiq” (Avstriya) – “Qəbələ” – 0:7
“Qəbələ” – “Dinamo” (Kiyev, Ukrayna) – 1:2
“Qəbələ” – “Utrext” (Hollandiya) – 1:0
 
 
“İnter”
 
Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv Türkiyə toplanışı zamanı ümumilikdə 3 yoxlama görüşündə meydana çıxdı. Ancaq bunlardan biri digər Bakı təmsilçisi “Zirə” (0:2) ilə olduğu üçün bu yazıda qeydə almayacağıq. Digər iki görüş isə Kamerun “Kolumbe Sportive”si və Rumıniya çempionu “Vitorul”a (Konstanta) qarşı oldu. Hər iki görüş bakılıların qələbəsiylə başa çatdı. Afrikalılarla matçda minimal hesabla üstün olan təmsilçimiz Rumıniya klubunun qapısından 2 top keçirə bildi.
 
Premyer Liqanın son mövsümünün bombardiri Rauf Əliyev yoldaşlıq oyunlarında da məhsuldar göründü. Komandanın 3 qolundan 2-si məhz onun payına düşdü. Samir Zərgərov isə bir dəfə rəqib qapısına yol tapdı.
 
“İnter” – “Kolombe Sportive” (Kamerun)  1:0
“İnter” – “Vitorul” (Konstanta, Rumıniya) 2:1
 

“Sumqayıt”

Yoldaşlıq görüşlərinin 3-cü ən güclüsü “Sumqayıt” oldu. “İnter” kimi “gənclik şəhəri” təmsilçisi də 2 qələbə qazandı. Ancaq bu, 5 görüşdə reallaşdı. Ümumiyyətlə, Samir Abasovun komandası “Qəbələ”dən sonra ən çox yoxlama matçı keçirən kollektiv oldu. Elə “qırmızı-qaralar” kimi bu komanda da heç-heçə etmədi – 2 qələbə, 3 məğlubiyyət. Top fərqində də təmsilçimiz rəqiblərindən geri qaldı – 6:8.
 
“Sumqayıt”ın qollarının yarısı – 3-ü yeni transfer Rəşad Eyubovun aktivinə düşdü. Ümumiyyətlə, 6 qolun 5-ni yenilər vurdular. Rəşaddan başqa Ramil Həsənov və Cavid İmamverdiyev də adını tabloya yazdırdı. Bir dəfə isə Amil Yunanov fərqləndi.
 
“Sumqayıt”in rəqibləri iki ölkədən oldu – Türkiyə və Səudiyyə Ərəbistanı. Qonşu ölkə klublarının arasında Super Liqa təmsilçisi “Osmanlıspor” da var idi:

“Sumqayıt” – “Osmanlıspor” (Türkiyə) 1:2
“Sumqayıt” – “Al-Fateh” (Səudiyyə Ərəbistanı) 3:0
“Sumqayıt” – “Sivasspor” (Türkiyə) 0:4
“Adana Demirspor” (Türkiyə) – “Sumqayıt” 2:1
“Əl-Taoun” (Səudiyyə Ərəbistanı) – “Sumqayıt” 2:1
 
 
“Zirə”
 
Yoldaşlıq oyunlarının 4-cüsü “Zirə” oldu. Artıq qeyd etdik ki, paytaxt klubu Türkiyədəki sınaq matçlarından birində digər təmsilçimiz “İnter”ə qalib gəldi – 2:0. Ayxan Abbasovun komandasının qalan rəqibləri də “İnter”lə eyni oldu. “Kolumbe Sportive”ə 8 cavabsız qolla qalib gələn qəsəbəlilər, Rumıniya çempionu “Vitorul”a 1:2 hesabıyla yenildilər.
 
Ümumilikdə, 9 qol vuran “Zirə” öz qapısında 2 top gördü. Qadze, Belfort və Orxan Əliyev hərəyə 2 dəfə fərqlənməklə ən sərrast futbolçular oldular. Onlardan ilk ikisi bir oyunda dubl etdisə, Əliyev rumınlara vurulan yeganə qolun da altına adını yazdırdı.
 
“Zirə” – “Kolombe Sportive” (Kamerun)  8:0
“Zirə” – “Vitorul” (Konstanta, Rumıniya) 1:2
 

“Kəpəz”

İkinci “4-lüy”ün lideri “Kəpəz”di. Qələbə qazana bilməyən Gəncə klubu 3 oyunun 2-də uduzdu, 1-də heç-heçə etdi. Komanda bu matçlarda cəmi 1 qola sevindi, öz qapısında isə 4 top gördü. Yeganə qolun müəllifi yeni transfer Diallo Samba oldu.
 
Şahin Diniyevin komandası Ərzurum Toplanışı zamanı yalnız Türkiyənin aşağı liqa klubları ilə üz-üzə gəldi.

“Kəpəz” – “Samsunspor” 1:2
“Kəpəz” – “Ankaragücü” 0:2
“Kəpəz” – “Elazığspor” 0:0
 
 
“Neftçi”

Hazırlıq dövründə ən adlı-sanlı klublarla üz-üzə gələn təmsilçimiz “Neftçi” oldu. 3 yoxlama oyunu keçirən Bakı klubunun rəqibləri arasında Almaniyanın ən tannmış klublarından “Şalke”, digər Bundesliqa təmsilçisi “Herta” da var idi. “Ağ-qaralar”ın başqa bir rəqibi isə BƏƏ-dən “Əl-Ayn” oldu. Almaniya klublarına uduzan (0:1, 0:4) Elxan Abdullayevin komandası, ərəblərlə sülh bağladı. Bu görüşlərdə “Neftçi”nin yeganə qolunu icarədən qayıdan Mirabdulla Abbasov rəqib qapısından keçirdi.

“Neftçi” – “Şalke” (Almaniya) 0:1
“Neftçi” – “Əl Ayn” (BƏƏ) 1:1
“Neftçi” – “Herta” (Almaniya) 0:4

 
“Səbail”

Türkiyədə hazırlıq keçən debütant 5 planlaşdırsa da, 4 sınaq matçında meydana çıxdı. Bu oyunların 3-də uduzan Samir Əliyevin komandası 1 oyunda heç-heçə etdi. Top fərqində də Bakı klubu rəqiblərindən geri qaldı – 3:10. “Səbail”in qollarına Amit Quluzadə, Nurlan Novruzov və Murad Ağayev imza atdılar.
 
“Səbail”in Türkiyə toplanışında bütün sınaqçı rəqibləri Asiyadan idi:

“Səbail” – “Əl Raed” (Səudiyyə Ərəbistanı) 1:2
“Səbail” – “Paxtakor” (Özbəkistan) 1:4
“Səbail” – “Əl İttifaq” (Səudiyyə Ərəbistanı) 1:4
“Səbail” – Oman U-23 0:0
 

“Qarabağ”
 
Yoldaşlıq görüşlərinin autsayderi “Qarabağ” oldu. Ağdam klubu keçirdiyi 4 matçın hamısında meydanı məğlub tərk etdi. Bu görşlərdə 3 qola sevinən təmsilçimiz öz qapısında hamıdan çox – 12 top gördü. Komanda iki görüşdə böyük hesabla (1:5 və 2:5), qalan ikisində isə minimal fərqlə uduzdu. Vurulan 3 qolun 2-si Dino Ndlovunun, 1-i isə Ağabala Ramazanovun payına düşdü.
 
“Qarabağ” hazırlıq dönəmində Rusiya, Bolqarıstan və Danimarka klubları ilə üz-üzə gəldi.

“Qarabağ” – “Brondbü” (Danimarka) 1:5
“Qarabağ” – “Dinamo” (Moskva, Rusiya) 0:1
“Qarabağ” – ÇSKA 2:5 (Sofiya, Bolqarıstan)
“Qarabağ” – “Axmat” (Rusiya) 0:1
 
 
***                   ***                   ***
 
 
TPL klublarının yay hazırlıq dönəmində keçirdiyi beynəlxalq oyunlarına ayrı-ayrılıqda nəzər yetirdik və onları nəticələrinə görə şərti olaraq sıraladıq. Məlum oldu ki, bu dönəmin ən uğurlusu “Qəbələ”disə, ən aşağı nəticə göstərən “Qarabağ” olub. Hansı ki, Ağdam klubu həmin matçlardakı məğlubiyyətlərə və ümumi oyun elementlərinə görə kifayət qədər tənqid olunurdu. Ancaq, əlbəttə, yoxlama oyunlarında qeydə alınan nəticələrin o qədər də əhəmiyyətli olmadığı bəlli məsələdi. Elə “süvarilər”in sınaq matçlarındakı inamsız çıxışdan sonra Çempionlar Liqasında ölkənin futbol tarixində ən böyük uğura imza atması həmin fikri yenidən təsdiq edir.
 
İstənilən halda, klublarımızın növbəti mövsümə hazırlığının mühüm hissələrindən biri sadaladığımız yoldaşlıq oyunlarıdı. Nəticə önəmli olmasa da, baş məşqçilər komandalarının meydanda nəyə qadir olduğunu məhz bu matçlarda görürlər. Keçirilən sınaq görüşlərinin onlara nə verdiyini isə yaxın gələcəkdə – çempionatın artıq ilk turlarından görəcəyik.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb