Rövşən Nəcəfin AFFA prezidenti olmasından sonra assosiasiyanın İcraiyyə Komitəsi üç iclas keçirib. Təhlilçilər qeyd edir ki, yeni rəhbərlik hələ gözlənilən addımlar ata bilməyib.
Gözlənilirdi ki, AFFA-nın yeni baş katibi adına aydınlıq gətirilir, yaxud bu haqda müzakirə aparıblar. Ancaq heç bir yenilik yoxdur.
Əslində, icraçı vitse-prezident Sərxan Hacıyev həm də baş katib vəzifəsini icra edir. Lakin aprelin 2-də Nəcəf seçkisonrası mətbuat konfransında Hacıyevin bu postda müvəqqəti olduğunu qeyd etmişdi.
Bəs bu müvəqqəti hal haçanadək davam edəcək?
Böyük ehtimalla, assosiasiyada yeni isteblişment qurmaq istəyən Rövşən bəy məhz baş katib postuna öz seçimini etmək istəyir.
Hər nədirsə, baş katib postu de-yure Sərxan bəydə olsa da, de-fakto o, icraçı deyil. Ümumiyyətlə, qarışıqlıq və boşluqlar çoxdur, bu vəziyyət davam etməkdədir, gedişat vacib dəyişiklərin olacağına inam vermir.
Kamil Əhməd